Sənan Qurbanov: "Dinamo" keçilməz deyil"

22:43 - 31 İyul 2019

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Qəbələ” matçından öncə “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəss görüş barədə bunları deyib:

 

“Komandamızda oynayan hər iki gürcü futbolçu bizim üçün vacib oyunçudu. Davit Volkovu ötən mövsümün gedişində komandaya cəlb etmişiksə, Merab Qiqauri bir aydan çoxdur bizə qoşulub. Onlar potensiallarına inandığımız oyunçulardır. Davit komandaya faydalı olub, bizimlə titul qazanıb. Merab isə yoxlama oyununda və son matçda yaxşı təsir bağışladı. Hər iki futbolçu komandamıza tez uyğunlaşdı. Evdə keçirilən ilk matçda məğlub olmuşuq. Gürcüstan çempionatı davam etdiyindən rəqib daha hazırlıqlı görünürdü. Bizdə isə bəzi oyunçularımız ilk dəfə Avropa miqyaslı oyunda iştirak edirdilər, həyəcan hiss olunurdu. Yenilənmiş bir komandamız var. Lakin bura məğlub olmağa gəlməmişik. Meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

 

Qurbanov rəqib və sabahkı oyun barədə fikirlərini açıqlayıb: “Bütövlükdə götürsək “Dinamo” kompakt bir komandadır. Yaxşı çıxış edirlər. Komandanın kapitanı Şengeliya diqqətimi cəlb etdi. O və hücum xəttində çıxış edənlərin hamısı sürətlidir. Əlbəttə biz də öz futbolçularımıza inanırıq. İlk oyundan sonra rəqibimizi daha yaxşı analiz etmək imkanımız olub. Biz top itkilərinə yol verməməli, hücumda kəsərli olmalı, hər iki fazada – həm hücumda həm də müdafiədə səhvsiz oynamalıyıq. Rəqib keçilməz deyil. İşimizi çətinə salsaq da, inamımız böyükdür. Çalışacağıq ki, yaxşı nəticə əldə edək”. 

Xəbər xətti