Milan Obradoviç: "Rəqib Avropanın ən güclü yığmalarından biridir"

00:09 - 6 Sentyabr 2019

Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis bu gün baş tutan komandanın son məşqinin ardınca bunları söyləyib:

 

“Komanda oyuna yaxşı hazırlaşıb. Futbolçular istəklidirlər və səbirsizliklə oyunun başlama saatını gözləyirlər. Sabah meydanda güclərindən maksimum dərəcədə istifadə edəcəklərinə əminəm. Heyətdə zədəli futbolçumuz yoxdu. Oyunçuların fiziki hazırlığı yaxşıdı, amma unutmayaq ki, 4 gün ərzində iki rəsmi oyun keçirəcəyik. Ümumiyyətlə, futbolçuların fiziki durumu nə qədər yaxşı olsa da, mən daha artığını istəyirəm. Futbolçularla mütəmadi olaraq həm fərdi, həm də komanda şəklində söhbətlər aparırıq. Onların psixoloji cəhətdən də oyuna hazır olmasına çalışırıq.  Rəqiblərə gəldikdə, slovaklar Avropanın ən güclü yığmalarından biridi. Hazırkı komanda üzvlərini hələ Serbiya millisində işləyən vaxtdan tanıyıram. Düzdü, sabah bizə qarşı hansı heyətlə çıxacaqlarını bilməsəm də, futbolçular haqda məlumatlıyam. Onlar topu özlərində daha çox saxlamağı sevirlər”.

 

“Dalğa Arena”da baş tutacaq Azərbaycan – Slovakiya matçına saat 20:30-da start veriləcək.

Xəbər xətti