Bu gün Azərbaycan Premyer Liqasında II dövrə start götürəcək. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçına çıxacaq. “Qırmızı-qaralar” VIII turda “Qarabağ”la görüşəcək. Komanda çempionatın liderini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Sportal.az xəbər verir ki, bu, iki komanda arasında 55-ci matç olacaq. İndiyədək 54 dəfə qarşılaşan rəqiblər Premyer Liqada 45, Azərbaycan kubokunda 9 duelə çıxıblar. İndiyə qədər keçirilən oyunlarda 12 qələbə qazanan “Qəbələ” 17 heç-heçə edib. 25 dəfə isə Ağdam klubu qalib gəlib. 118 qolun vurulduğu matçlarda 47 dəfə rəqib qapısına yol tapan "Qəbələ" 71 top buraxıb.
Premyer Liqa görüşlərində isə 10 dəfə üç xala sevinən “qırmızı-qaralar” 12 dəfə bərabərliklə kifayətlənib. 23 dəfə qələbə qazanan “Qarabağ” top fərqində də öndədir – 63:40.
27-ci dəfə ağdamlılarla evdə oynayacaq “Qəbələ” doğma divarlar arasında 8 dəfə qalib gəlib. 8 heç-heçə edən "Qəbələ" 10 dəfə uduzub. Bu görüşlərdə 56 qol qeydə alınıb. Qonaqlar 29, meydan sahibləri 27 dəfə fərqlənib.
Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 17:00-da başlayacaq.
saytlarin hazirlanmasi