Azərbaycan yığması üçün yeni turnir: Millətlər Liqası

13:39 - 29 Oktyabr 2019

UEFA qitə miqyaslı turnirlərdəki islahatları davam etdirir.

 

Sportal.az xəbər verir ki, qitə futbol qurumu U-19-lar arasında Avropa çempionatlarının strukturunu dəyişir. Yarış Millətlər Liqası sistemi ilə keçiriləcək. Yeni turnir iki mövsümlük mərhələni əhatə edəcək.

 

2021/22 və 2022/23 mövsümlərini 2020-22 və 2021-23 illəri əvəz edəcək. Yarış 8 komandalı final mərhələsi ilə başa çatacaq. 2022-ci ildə həlledici raund Slovakiyada təşkil olunacaq. 2020-22 mövsümündə 2003-cü il yanvarın 1-dən sonra anadan olanlar, 2021-23 mövsümündə isə 1 yaş kiçiklər mübarizə aparacaqlar.

 

UEFA İcraiyyə Komitəsinin təsdiqlədiyi bu yenilik özünü doğrultsa, 2023-cü ildən U-17-lərin də yarışları bu sistemlə təşkil olunacaq.

 

Komandalar A, B və C liqalarında oynayacaqlar. Bu bölgü yığmaların əmsallarına əsasən reallaşıb.

 

A liqasında 20 komanda hərəsində 4 yığma olmaqla 5 qrupa bölünəcək. B liqasında isə 16 yığma 4 komandalı 4 qrupa bölünəcək. Avropanın ən zəif 19 millisi C liqasında 4 və 3 komandalı qruplarda çıxış edəcək. Azərbaycan yığması da 1-ci mərhələdə bu liqada qüvvəsini sınayacaq.

 

Turnir isə 4 mərhələdə baş tutacaq. 1-ci raundun püşkü bu il dekabrın 3-də, oyunları gələn il noyabrın 17-də başlayacaq. Növbəti püşk 2020-ci ilin dekabrında, bu mərhələnin oyunları 2021-ci ilin iyunun 8-dən sonra start götürəcək. 3-cü mərhələnin püşkü 2021-ci ilin yayında, oyunları isə avqustun 30-dan sentyabrın 7-dək və ya oktyabrın 4-12-də, 8-16-da keçiriləcək. Sonuncu raundun püşkatması 2021-ci ilin dekabrında təşkil olunacaqsa, qarşılaşmalar 2022-ci ilin martında oynanılacaq. Hər mərhələdən sonra komandalar liqalarını dəyişəcək, ən yaxşılar daha yüksək, zəiflər aşağı dəstəyə düşəcək.

 

Azərbaycan millisi final mərhələsinə yüksəlmək üçün ilk mərhələdə C liqasından B liqasına, növbəti iki raundda isə A-ya yüksəlməlidir. Çünki final mərhələsinə 7 vəsiqə yalnız A liqasında keçiriləcək 4-cü mərhələdə sahiblərini tapacaq.

 

Final mərhələsi 2022-ci ilin iyulunda keçiriləcək (APA).

Xəbər xətti