Azərbaycan Premyer Liqasında XII turun “Neftçi” – “Qəbələ” oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın çalışdırıcısı Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
- "Neftçi"yə qarşı fərdi hazırlaşmışdıq. İstəyirdik ki, rəqibi əks-hücumlarda rəqibi tutaq. Sadəcə, bunu həyata keçirə bilmədik. Komandalar arasında səviyyə fərqi çoxdur. Bizim cavan kollektivimiz var, stabilliyi qoruya bilmirik. Bir oyun yaxşı oynayırıqsa, növbəti matçda bunu davam etdirə bilmirik.
- Stabilliyin olmamasına əsas səbəb nədir?
- Bu, komandanın gənc oyunçulardan qurulmasından irəli gəlir. Təcrübəlilər stabilliyi qoruya bilir. Üstəlik, “Neftçi” fərdi keyfiyyətlərdə də bizdən üstündür
.
- "Qəbələ” son sıradadır və klubun maliyyə problemləri var. Bundan sonrakı taleyiniz necə olacaq?
- Bizim üzərimizə nə düşürsə, maksimumunu etməyə çalışırıq. Sponsor məsələsi bizə aid deyil. İşimiz komanda və futbolçularladır. İnanıram ki, “Qəbələ” yaşayacaq və daha yaxşı olacaq.
- Böyükhesablı məğlubiyyət fərdi səhvlərə görə idi, yoxsa komanda şəklində zəif oynadız?
- Komanda şəklində zəif oynadıq. Buraxılan qollar isə fərdi səhvlərdən irəli gəlirdi.
- Komandanızın “Neftçi” qarşısında aciz qaldığını demək olarmı?
- Aciz deməzdim. Bizim də qol epizodlarımız oldu. Ancaq “Neftçi” futbolçularının ustalıq səviyyəsi üstün olduğuna görə bunlardan istifadə etdi.