AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla Azərbaycan Radiosu 105 FM və "İdman TV"nin ortaq yayımında "Extra Time" verilişinin qonağı olub.
Sportal.az xəbər verir ki, qurum rəsmisi milliyə yeni baş məşqçi məsələsinə növbəti ayda aylınlıq gəlməsinin gözlənildiyini bildirib:
"Millinin baş məşqçisinin kimliyi ilə bağlı söz-söhbətin çox olması təbiidir. Ölkənin futbol sahəsində 1 nömrəli komandanın baş məşqçi postundan söhbət gedir. Təxminən yaxın 10 gün ərzində AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulub və orada bu məsələ müzakirə olunacaq.
AFFA-nın icraçı-vitse-prezidenti və baş katibi Elxan Məmmədov mediaya açıqlamasında bildirmişdi ki, geniş siyahımızda 32 namizəd məşqçinin adı var. Artıq bu siyahıda say azalıb və indi 6 namizəddən söhbət gedir. Siyahıda Canni Di Byazinin olmasını nə təsdiq, nə də inkar edə bilərik. Abdullah Avçının da adı vardı. Çezare Prandellinin də adı bizim mətbuatda hallandırıldı.
Bir məsələ var ki, hansısa məşqçiylə hələ konkret danışıqlardan söhbət getmir. Söhbət həmin məşqçilərlə bağlı hazırlanmış dosyenin İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunmasından gedir. Bu təqdimat üçün həmin qurumun növbəti iclasını gözləməliyik.
Vaxt o baxımdan bizi sıxır ki, martın 3-də Millətlər Liqasının püşkatma mərasimi olacaq. Ancaq orada milli komanda oynamayacaq. Püşkatma mərasimində rəqiblər müəyyənləşəcək. Martın sonunda Maltada millinin toplanışı var və ümid edək ki, həmin müddətədək yeni baş məşqçi müəyyənləşəcək. Rəsmi oyunların vaxtı zaman olaraq hələ ki bizi sıxmır".
Firuz Abdulla bildirib ki, millinin baş məşqçisini səçmək AFFA-da təkcə 1-2 nəfərdən asılı olan məsələ deyil: "Bununla bağlı İcraiyyə Komitəsi qərar verməlidir. Namizədlərlə bağlı bir nəfərin üzərinə fokuslanmağın tərəfdarı deyiləm.
Qısa siyahıda 6 nəfər yer alıb. Yəqin ki, İcraiyyə Komitəsi onlar arasından seçim etməli olacaq. Ancaq o da istisna olunmur ki, qarşdakı müddətdə başqa bir mütəxəssisin namizədliyi müzakirə olunsun. İcraiyyə Komitəsi əvəzinə hansısa açıqlamanı verə bilmərəm".
saytlarin hazirlanmasi