«AFFA-nın çempionat iştirakçılarının sayını artırmaq istəməsi sevindirici haldır».
Sportal.az xəbər verir ki, bu sözləri açıqlamasında «FC Baku»nun prezidenti Cavidan Qorçiyev deyib.
Yeni mövsümdən Premyer Liqa, I Divizion və Region Liqasında komandaların sayı artacaq. Bu açıqlama ilə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov çıxış edib.
O, AFFA-nın ölkədaxili yarışlarla bağlı yeni islahatlara hazırlaşdığını, bir sıra mühüm qərarların veriləcəyini deyib. Məmmədov ad çəkməsə də, gələn sezondan Premyer Liqa 10 komandanın mübarizə aparacağını qeyd edib.
İcraçı vitse-prezident ad açıqlamasa da, elita və birinci dəstəni region təmsilçilərinin hesabına genişləndirmək istədiklərini vurğulayıb. O, hər bir rayonda komanda yaradılması üçün yerli rəsmi dairələrlə danışıqlar apardıqlarını diqqətə çatdırıb.
C. Qorçiyev E.Məmmədovun timsalında AFFA-nın bu təşəbbüsünü dəstəklədiklərini bildirib: «FC Baku»nu inkişaf edən kluba çevirmək istəyirik.
Artıq bir dəfə Region Lnqasında mübarizə aparmışıq. Yenidən böyük futbol ailəsinə qoşulmaq istəyirik. Maliyyə məsələlərinə görə hazırda Bakı Futbol Liqasında qüvvəmizi sınayırıq.
Yarımfinala vəsiqə qazanmışıq və məqsədimiz finaladək gedib, sonda çempion olmaqdır. Çünki burada qalib olub, həvəskarların dünya çempionatına çıxmaq və orada Azərbaycanı layiqincə təmsil eləmək niyyətindəyik.
İndi klubumuzda hər şey qaydasındadır və mövsümün sonunda AFFA-ya müraciət ünvanlayacağıq. Xahiş edəcəyik ki, «FC Baku»nun təkrar çempionatda iştirakına şərait yaratsınlar.
Federasiya hər üç liqada iştirakçıların sayını artırmaqla, çox böyük irəliləyişə nail olacaq. Fikrimizcə, AFFA-nın bu addımından sonra iş adamları da futbola dəstəyini artıracaq, yeni-yeni klublar yaranacaq. Hər halda Azərbaycanda futbol həvəskarı olan kifayət qədər iş adamı var» (sportinfo.az).
saytlarin hazirlanmasi