Siyasət Əsgərov: "Belə komandalarla açıq futbol oynaya bilmərik"

20:33 - 11 Mart 2020

Avropa çempionatının seçmə mərhələsində Polşaya 0:5 hesabı ilə uduzan qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov açıqlama verib.
 
Sportal.az xəbər verir ki, 32 yaşlı mütəxəssis öncə oyunu şərh edib:
 
- Görüşün çətin keçəcəyini gözləyirdik. Rəqibin güclü olduğunu bilirdik. Rəqib bizi öz meydanımızdan çıxmağa qoymurdu. Biz də elə bunu gözləyirdik. Öz meydanımızda qapanıb, əks-hücumlarda nəsə edəcəyimizi fikirləşirdik. Amma rəqib bizi bütün cəhətlərdə üstələyirdi. 85-ci dəqiqədən sonra nümayiş etdirdiyimiz oyun mənə xoş olmadı. 90-cı dəqiqədən sonra 3 top buraxdıq. Bu, yaxşı hal deyil. Polşa səviyyəli komandadır. Bunu başa düşürük. Bizi öz gücləri ilə səhv etməyə məcbur edirdilər. 3 dəqiqəyə 3 top buraxmaq xoş deyildi. Qızlar plana riayət etdi. Son dəqiqələrdə yorğunluq da oldu və hesaba təsir etdi.
 
- Milli qapıya bir zərbə də vura bilmədi. Problem nədir?
- Problem odur ki, biz gənc komandayıq. Belə arenalarda təcrübəmiz çox azdır. Rəqibin gücünü dəyərləndirməliyik. Onların səviyyəsi oyunumuza mane oldu. Müxtəlif planlarımız var idi. Bizdə çox üstün idilər. Praktika da əsas rol oynayır. Bizim hələ o səviyyədə təcrübəmiz yoxdur. Polşa neçə illərdir seçmə mərhələlərdə çıxış edir. Amma biz ilk dəfə burda mübarizə aparırıq.
 
- Polşanın baş məşqçisi ötən gün Azərbaycanın taktiki gedişlərini bildiklərini demişdi. Sistemi bu oyun üçün dəyişmək mümkün olardı?
- Bizim taktiki gedişlər rəqiblərdən asılıdır. Çex Respublikası, Polşa, İspaniya və Moldova ilə eyni qrupdayıq. 3 ölkənin qadın futbolunun səviyyəsi bəllidir. Bu komandalarla açıq futbol oynaya bilmərik. Çünki çox güclüdürlər. Polşa səfərdə İspaniya ilə heç-heçə edib. Bu da onların necə güclü olduğundan xəbər verir. Əlimizdəki keyfiyyətə uyğun system seçirik.

Xəbər xətti