Göz yaşardan qələbə, küçələrdə şərab seli, 13 gün axtarılan cəsəd...

14:45 - 15 May 2020

O möhtəşəmlikdə qarşılanmaya baxmayaraq, evə incik dönmüşdü. Onu aeroportda qarşılamamışdılar. Hamının valideyni ordaydı, əllərində gül-çiçək, çaxır şüşəsi övladlarını salamlayırdılar.


- Ana, mən səni çox axtardım axı.
- Saşa, məni aeroport yolundan qaytardılar.

 

- Niyə?
- Dedilər, ay xala, atıq Çivadzenin 11 anasını buraxmışıq, yalan demə, qayıt evə. Biz də atanla evə gəldik.

 

Bu cavabdan sonra qəşş eləyib getmişdi özündən əfsanəvi kapitan. Anasını qucaqlayıb öpmüşdü.

 

39 il əvvəl təkcə Çivadzelər ailəsində bir-birini qucaqlayıb öpmürdülər. Nəinki Tbilisidə, Gürcüstanda, bütün SSRİ-də böyük bir sevinc yaşanırdı o gün. Tiflisin “Dinamo” klubu Kuboklar Kubokunun finalında ADR-in “Karl Tseys” klubuna qalib gələrək, Düsseldorfun “Reynştadion” stadionunu ayaq üstə qaldırmışdı.

 

Bu, Kiyev “Dinamo”sundan sonra sovet futbolunun klub səviyyəsində ikinci ən böyük uğuru idi. Heç bir Moskva komandası SSRİ dağılana qədər belə uğura nail ola bilməmişdi.

 

Finalda ilk qolu da gürcülər buraxmışdı. 53-cü dəqiqədə alman Xolpe hesabı açmışdı. 4 dəqiqə sonra Vladimir Qutsayev hesabı bərabərləşdirmişdi. 90 dəqiqənin bitməsinə 3 dəqiqə qalmış gürcü futbolunun əfsanəsi Vitali Daraseliya qələbə topunu almanların qapısından keçirmişdi. Final fiti səslənən kimi oyunu Düsseldorfdan canlı şərh edən başqa bir gürcü əfsanə Kote Maxaradzenin bu sözləri isə bütün SSRİ-yə yayılmışdı: “Təsəvvür edin, indi Tbilisidə nələr baş verir”.

 

Bu yerdə bir qədər geriyə qayıdaq. 70-80-ci illərdə Ozerov, Maxaradze, Pereturin və Maslaçenkonun səsini televiziyadan, radionun idman proqramlarından anındaca ayırmaq mümkün idi. Pereturin və Maslaçenko nə qədər darıxdırıcıydılarsa, Ozerov və Maxaradzenin şərhlərinə qulaq asmaqdan doymaq olmurdu. Bu ikisi o birilərindən həm də qismən sərbəstliyi ilə seçilirdilər. Və həm də zarafatlarıyla. Maraqlıdır ki, həm Ozerov, həm də Maxaradze ixtisasca aktyor idilər. Yeri gəlmişkən, Maxaradze və Ozerov çox möhkəm dost olublar. Ozerov şəxsən müsahibələrin birində Maxaradzeni SSRİ-nin ən yaxşı idman şərhçisi olduğunu qeyd edibmiş.

 

Maxaradzeni bir dəfə 6 aylıq müddətə şərhçilikdən ayırıblarmış. Elə yuxarıda qeyd etdiyimiz məqama görə. Təsəvvür edin, bütün ölkə televiziya qarşısındadır. Hesab 1-1 olarkən matçın bitməsinə 3 dəqiqə qalmış Daraseliya qələbə topunu almanların qapısına vurur. "Qooolll" qışqıran Maxaradze anındaca deyir: “Təsəvvür edin, indi Tbilisidə nələr baş verir". Hə, Tbilisidə. Məhz bunu ona irad tutmuşdular. Nəyə görə məhz Tbilisi dedin? Komanda SSRİ-nindir. Nəyə görə SSRİ-nin adını çəkmədin?!”

 

Amma bu hələ sonra baş verəcəkdi. Amma 39 il əvvəl, mayın elə bu günü, 14-ü Tbilisi küçələrində çaxır sel kimi axırdı, on minlərlə insan işi-gücünü atıb küçələrə axışmışdı, tanıdı-tanımadı hamı bir-birini qucaqlayıb öpürdü. Hə, Tbilisi, necə deyərlər, dağılırdı. Hamı gecənin qəhrəmanlarını gözləyirdi. Qəhrəmanlar isə Frankfurtdan Moskvaya uçmuşdular, 3 saatlıq gözləmədən sonra xüsusi təyyarə onları vətənə, Tbilisiyə gətirirdi.

 

Gürcüstan Futbol Federasiyasının keçmiş prezidenti Zviad Siçinavanın Lent.az -a dediklərindən:

 

- Həmin gün aeroporta bəlkə də 100 min adam yığışmışdı. Trapda, səhv etmirəmsə, əvvəlcə kapitan Çivadze göründü. Əlində də kubok. Ondan sonra digər futbolçular və məşqçilər. Çivadze qarışıq insanlar onları əlləri üzərinə qaldırdılar. Düz şəhərə kimi əllərdə gətirdilər. Bu, möhtəşəm anlar idi. İnsanlar sevincdən ağlayırdılar.

 

Hə, həmin qarşılama törənində bir çox qadınlar özlərini Çivadze və digər futbolçuların ana və bacıları kimi təqdim edərək, milis kordonundan keçib aeroporta girə bilmişdilər.

 

Siçinava:
- Sovet vaxtı kim üstündə pasport gəzdirirdi ki? Milislər də onlara inanmışdılar. Ən maraqlısı odur ki, elə milislərin özləri də həyəcanlıydılar. Əksəriyyəti camaata qoşulub, komandanı qarşılamağa getmişdi.

 

Kuboklar kuboku ilə bərabər gürcülər Almaniyadan bir qənimət də gətirirdilər. Finalda oynanılan toplu. Onu isə final fiti çalınandan sonra italiyalı baş hakim Rikardo Lattansinin əlindən komandanın fizioterapevti Anzor Qabitaşvili dartıb almışdı. Dərhal da soyunma otağına girib, paltarların altında gizlətmişdi. İllər keçəcək, 90-cı illərin əvvəllərində Avropada yaşayan kolleksiyaçılardan biri Anzora həmin top üçün 15 min dollar təklif edəcəkdi. O, rədd cavabı verəcəkdi...

 

Siçinava bir maraqlı məqamdan da danışır. Deyir, həmin vaxt komsomolda məsul vəzifədə işləyirmiş. Gürcüstanın o vaxtkı rəhbəri Eduard Şevardnadze futbolçuları gürcü xalqı adandan mükfatlandırırmış. Zviad da həmin tədbirdəymiş

 

- Əsas heyətdə çıxış etmiş futbolçuların hər birinə avtomobil hədiyyə edilirdi.

 

Səhnəyə ilk Çivadze çıxdı. Birinci katib avtomobilin açarını ona verib, əllini sıxdı. Futbolçular bir-bir açarları alıb yerlərinə qayıdırdılar. Sıra Qutsayevə çatanda Şevardnadze üzünü bir qədər turşudub, yazıq sifəti aldı. Qayıtdı ki, Volodya, xahiş edirəm heç olmasa bunu satma, sür. Bu da təsadüfi deyildi.

 

Çünki Qutsayev kefcil həyat sürürdü. Maşınları da əlcək kimi dəyişməyi sevirdi. Onun bu əməlindən respublika rəhbərlərindən də xəbəri vardı…

 

Hə, bu da həmin günün qəhrəmanlarının siyahısı: Otar Qabeliya, Tamaz Kostava, Aleksandr Çivadze, Nodar Xizanişvili, Qiya Tavadze, Vitali Daraseliya, Zaur Svanadze (Nuqzar Kakilaşvili, 67), Tengiz Sulakvelidze, Vladimir Qutsayev, David Kipiani, Ramaz Şengeliya.

Baş məşqçi: Nodar Axalkatsi.

 

Ən maraqlısı bilirsinizmi nədi? Həmin qızıl heyətdən 4 nəfəri artıq həyatda yoxdu. Daraseliya və Kipiani avtobmobil qəzasında, Şengeliya və Axalkatsi isə ürək tutmasından dünyasını dəyişib…

 

Ən faciəlisini Daraseliya yaşayacaqdı. Onun maşını Zestafonidə qəzaya uğrayıb dağdan çaya düşəcəkdi. Meyiti isə bir də 13 gündən sonra tapılacaqdı...

 

Səbuhi Məmmədli

Xəbər xətti