Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Neftçi” – “Qalatasaray” (1:3) oyunundan sonra Türkiyə klubunun baş məşqçisi Fatih Terimin mətbuat konfransı təşkil edilib.
Sportal.az xəbər verir ki, 66 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Komandanızda sanki bəzi futbolçular maksimum güclə oynamırdı. Özlərini növbəti matç üçün qoruyurdular?
- Oyuna nəzarət bizdə idi. Matça əla başlamışdıq. Hesabda önə keçdikdən sonra həftəsonu oyunu düşünə bilərdilər. Futbolçularımdan razıyam. Yaxşı mübarizə apardılar. Xeyli qol epizodumuz oldu. Qolu da “ölü top”dan buraxdıq. Bəlkə də, növbəti matçı düşünürdülər.
- Gözlədiyimiz start heyəti olmadı...
- Onsuz da heç vaxt medianın gözlədiyi heyət meydana çıxmır. 4 futbolçunun dincəlməsini düşündük, 3 də əvəzetmə imkanlmız var idi. 6-7 futbolçumuz nisbətən dincəlmiş oldu. Bəzən bunu etmək məcburiyyətindəyik. Rotasiya vacibdi, bu gün doğru oldu. Futbolçuların nə qədər hazır olduğunu gördük. Məqsəd mərhələ keçmək idi, buna da nail olduq.
- "Neftçi"nin oyunu barədə nə düşünürsüz?
- "Neftçi" yaxşı komandadı, yaxşı mübarizə apardı. Bizə yüksək tempdə cavab verdilər. Onlara uğurlar arzulayıram. Bizim oyuna nəzarət etməyimiz kimi normal heç nə yoxdu. Bizim qələbə qazanmağımız sürpriz deyil. Biz uduzsaydıq və ya daha zəif oynasaydıq, bu, sürpriz olardı. Amma meydanda "dişli" bir rəqib gördük.
- Azərbaycandakı qonaqpərvərlik barədə nə deyə bilərsiz?
- Bura hər gələndə bizi ən yaxşı şəkildə qarşılayırlar. Qardaş ölkədən qardaş kimi ayrılırıq. Hər şey üçün təşəkkür edirik.
- Dünən "Neftçi"nin heyətində bəyəndiyiniz futbolçuları qeyd etmişdiz. İndi hansı fikirdəsiz?
- Dünən rahat bir oyuna baxdıqdan sonrakı fikirlərimi bildirmişdim. Bu gün isə öz komandamın oyununa yönəlmişdim. Ona görə də "Neftçi" barədə nəsə deyə bilmərəm.
- Jesse Sekidika vaxtilə "Neftçi"də baxışda olsa da, bəyənilməyib. Siz onu hansı keyfiyyətinə görə bəyənmisiz?
- Biz bəyənmişik. Olur belə şeylər. Bəzən kimisə bəyənmirsiz, amma qısa müddətdə inkişaf edir. Gənc futbolçular üçün tez qərar verməmək lazımdı. Bəyəndiyimiz üçün transfer etmişik.