"Millinin baş məşqçisi Premyer Liqa haqda maraqlanırdı, ona çempionatın səviyyəsi haqda danışmışam" MÜSAHİBƏ

14:48 - 15 Fevral 2026

"Karvan-Yevlax"ın qapıçısı Pedro Mateuş Sportal.az saytına müsahibə verib. 

- Komandan bu dəfə də "Zirə"yə uduzdu. Bu cür uğursuzluqların səbəbini nədə görürsən?

- Vəziyyəti dəyişməli olduğumuzu yaxşı başa düşürük. "Zirə" ilə görüşə də 3 xal qazanmaq üçün çıxmışdıq. Sadəcə bəzən oyun istədiyiniz kimi alınmır, bəxtiniz də gətirmir. Bunlar hamısı önəmli məsələlərdir. Təbii ki, səbirli olmaq lazımdır. Qalibiyyətlərin gələcəyinə çox inanıram. Ümidvaram ki, növbəti görüşlərdə qələbələr qazanaraq, hazırkı durumdan çıxacağıq.

- Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmısınız. Hazırda "Karvan-Yevlax" Premyer Liqadanı tərk edəcək ən real namizəd kimi göstərilir. Bəs, futbolçular Premyer Liqada qalacağına inanır?

- Bu haqda nə demək olar? Biz məşqlərimizə, oyunlarıma davam edirik. Sonda da hamımız birlikdə nəticələri görəcəyik. 

- Ümumiyyətlə, sən özün Premyer Liqada qalacağınıza əminsən?

- Əlbəttə ki, hamımız buna inanırıq. Çünki mövsümün sonuna hələ çox oyun var. Hər halda, mümkün 39 xal var. Təbii ki, indiki vəziyyətdə hamısını qazanmaq mümkün deyil. Lakin qarşıdakı turda qələbə qazansaq, mental olaraq da dəyişiklik baş verə bilər. Həmin qələbədən sonra ardı da gələ bilər. Bunun üçün hər şeyi edəcəyik. 

- Fizuli Məmmədovun gəlişindən sonra nə dəyişib? O, nəyisə dəyişə bilib?

- Təcrübəli məşqçidir, çox şey bilir və bizə ciddi mənada da köməklik edir. Hər məşqçinin fərqli oyun üslubu var. Fizuli Məmmədov də bizə kömək olmaq üçün əlindən gələni edir. Biz özümüz də daim çalışırıq. 

- Sənə qədər Azərbaycan Premyer Liqasında San-Tome və Prinsipidən bir futbolçu oynamışdı, o da "Neftçi"də. Harramiz Soareşi tanıyırsan, onunla heç Azərbaycan çempionatı haqda danışırsız?

- Xeyr, Haramizlə münasibətim yoxdur. Amma əvvəllər onun burada oynadığını, San-Tomeni təmsil etdiyini yaxşı bilirəm. Ola bilsin ki, Harramizlə gələcəkdə yenidən milli komandada oynadıq. Çünki o da karyerasına davam edir, Portuqaliyada çıxış edir. Gələn ay milli komandanın düşərgəsinə yollanacam. Haramiz yaxşı hücumçudur, haqqında bilirəm.

- Bəs, milli komandanın baş məşqçisi necə, Azərbaycandakı karyeranla bağlı səninlə müzakirə edib?

- Millimizin baş məşqçisi Portuqaliyadandır. Təbii ki, mənimlə danışır. İki gün əvvəl zəng etmişdi, danışırdıq. Milli komandanın heyətinə dəvət ediləcək futbolçuların siyahısını hazırlayırdı. O, məndən Azərbaycan çempionatının keyfiyyəti, səviyyəsi haqda soruşdu, danışdıq. Ona Premyer Liqanın səviyyəsinin yaxşı olduğunu və daim inkişafa doğru getdiyini bildirdim. Həqiqətən Azərbaycan çempionatı görünən budur ki, ildən-ilə inkişaf edir, daha da güclənir. 

Mirbağırağa

Xəbər xətti