38 yaşlı qolkiper karyerasını yekunlaşdırır - rəhbər vəzifədə çalışacaq

22:27 - 2 Aprel 2026

"Brügge" klubunun qapıçısı Simon Minyole mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.

Sportal.az xəbər verir ki, Minyole öz açıqlamasında bunları qeyd edib:

“Pley-off oyunları karyeramın son 10 matçı olacaq. Sentyabrın 1-dən Belçika Futbol Federasiyasının idman departamentində rəhbər vəzifədə fəaliyyətə başlayacağam. Hansı vəzifə olacağını daha sonra dəqiqləşdirəcəyəm.

Bu, düşünülmüş qərardır və vaxt tələb etdi. Uzun müddət bunu gizlətməli oldum. Hətta oğluma da yalnız dünən dedim. Mövsümün son oyunundan sonra klub rəhbərliyini, məşqçiləri və komanda yoldaşlarımı məlumatlandırdım.

Pley-off zamanı spekulyasiyaların olmaması üçün açıq danışmağı vacib hesab etdim. Hələ emosional vidalaşmaq istəmirəm, çünki işim bitməyib. “Brügge” ilə yenidən çempion olub ikinci ulduzu qazanmaq istəyirəm.

İndi pley-offda oyunlarım daha diqqətlə izlənəcək, bu futbolun bir hissəsidir. Amma son ana qədər hər gün maksimum səviyyədə çıxış edəcəyəm”, – deyə Minyole bildirib.

Qapıçı karyerasına "Sent-Truiden klubunda başlayıb, 2010-cu ildə "Sanderlend"ə keçib. 2013–2019-cu illərdə "Liverpul" forması geyinib və 2018/19 mövsümündə Çempionlar Liqası qalibi olub.

“Brügge” ilə o, 4 dəfə Belçika çempionu olub, 1 dəfə ölkə kubokunu, 2 dəfə isə Superkuboku qazanıb. Belçika millisinin heyətində isə 35 oyun keçirib və 2018-ci il dünya çempionatında bürünc medal əldə edib.

Xəbər xətti