"Vaxtilə "Örebrö"da çalışanda Ruslan Abışovun komandaya keçidinə vasitəçi ola bilərdim. Onu kluba təklif etmişdim, dörd oyununa da baxdılar, bəyəndilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında İsveçdə yaşayan həmyerlimiz Valeh Qafarov deyib.
Uzun illərdi ki, İsveçdə yaşayan və bir müddət "Örebrö" klubunda məşqçi kimi fəaliyyət göstərən Qafarov saytımıza açıqlamasında Abışovun vaxtilə bu kluba keçmək ehtimalından danışıb. O, transferin baş tutmaması haqda isə bunları deyib: "Abışovu bəyəndilər. Hətta baş məşqçinin köməkçisi və idman direktoru ilə birlikdə Bakkıya gəldik. "Neftçi"nin AZAL-la oyununu izlədik. Danışığımız oldu, sağolsunlar bizi yaxşı qarşıladılar. Ruslana birbaşa müqavilə təklif edib, dərhal müqaviləyə aparacaqdıq. Onun özü üçün də tramplin olacaqdı. Hər şey yaxşı olduğu bir vaxtda, son anda bəzi adamlar transferin həyata keçməsinə mane oldular. Elə adamlar ortaya çıxdı ki, transferin son mərhələsində transferə görə onlara pul ödəməli olduğumuzu bildirdilər. Nəysə, belə məsələlərə görə baş tutmadı. Halbuki Ruslanla danışırdım, özü də xaricə getməyi çox istəyirdi. Həmin vaxtı transfer alınsaydı, Ruslan sonradan daha güclü liqalara da gedə bilərdi. Çünki yaxşı durumdaydı. Elə bu məsələlərə görə Abışovun "Örebrö"ya keçidi alınmadı".
Hazırda "Örebrö"da çalışmasa da, Qafarov daima azərbaycanlı gənc uşaqların Avropada legioner həyatı yaşamalarına kömək etmək istədiyini söyləyib: "Xaricdə olsam da, Azərbaycan futbolunu daima izləyirəm. Düzdü, hazırda bir az futboldankənar işdəyəm. Amma daima futbolun içində olmağa çalışıram. Azərbaycanlı istedadlı oyunçuları legioner həyatı yaşamalarına kömək olmaq istəyirəm. Ümid edirəm ki, buna nail olacam".
saytlarin hazirlanmasi