"Qəbələ"nin yeni transferi, "Atletik"(Bilbao) klubunun yetirməsi hesab edilən kamerunlu qolkiper Kristof Atananqa Sportal.az saytına müsahibə verib. 2000-ci il təvəllüdlü kiper "Qəbələ"yə aşağı liqada mübarizə aparan, "Atletik"in farm klubu hesab edilən "Bilbao Atletik"də çıxış edib:
- "Qəbələ"yə keçidin necə baş tutdu?
- Bu komandaya qoşulmaq imkanım yaranan vaxtı, əslində mənim ikinci liqa klublarından təklifim var idi. Yəni o klublara da keçə bilərdim. Amma sonradan “Qəbələ”nin lahiyəsilə tanış oldum, komandanı araşdırdım və bura gəlmək maraqlı oldu.
- Azərbaycan çempionatı və "Qəbələ" haqda yəqin ki, məlumatsız idi?
- Düzünü desəm, Azərbaycan çempionatı haqda çox məlumatım yox idi. Sadəcə təklifdən sonra maraqlanmağa başladım. Avrokuboklar oyunlarını gördüm, yerli çempionat oyunlarına baxdım. Bu barədə ailəmlə danışdım, hamı razı olandan sonra “Qəbələ”nin təklifinə "hə" dedim.
- "Atletik"(Bilbao) klubunun yetirməsi hesab olunursan. Maraqlıdır, indiyə qədər heç əsas komandada oynamaq imkanın yaranıb?
- “Atletik”in əsas komandasında oynamaq çətindi. Çünki çox yüksək səviyyəli klubdu. Orada çox yaxşı, bacarıqlı qapıçılar var. Unai Simon əsas qapıçıdır, "Real"(Sosyedad) klubundan Aleks Remiro da orada yetişib. Hələ bəzilərinin də adlarını yaddan çıxarmışam. Yəni bu klubun çox güclü qapıçıları olub.
- "Qəbələ"də əsas məqsədin nədən ibarət olacaq?
- “Qəbələ”yə ən yaxşısını göstərməyə gəlmişəm, çox oyunda oynamaq istəyirəm və komandamın qələbəsində rolum olmasına çalışacam. Bura gələndə əlbəttə ki, bilmirdim nə ilə qarşılaşacam, kimi görəcəm. Düzünü deyim ki, dərhal pozitiv təəssürat yarandı. Bakını sevdim, insanlar çox mehribandı, “Qəbələ”də atmosfer yüksək səviyyədədi. Həm oyunçularla yaxşı münasibətim var, eləcə də texniki heyətlə.
- Azərbaycan Premyer Liqasında oynamağa hazırsan?
- Bütün komanda yoldaşlarımın olduğu kimi, mən də çempionatın başlamasını səbirsizliklə gözləyirəm. Ki, “Qəbələ”nin formasını geyinək və çempionatda oynayaq. Həm klub, həm də azarkeşlər üçün ən yaxşısını verməyə çalışacağıq.