Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında çıxış edib.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis "ağ-qaralar" barədə məlumatlı olduqlarını bildirib:
"Qonaq meydanında oynayanda hər zaman çətin olur. Azərbaycan çempionuna qarşı oynayacağımızı nəzərə alsaq, işimiz daha çətindir. Digər tərəfdən, rəqib bu hava şəraitinə öyrəşib. Ötən həftə 2 oyunumuz var idi. Həmin matçlardan sonra məşqçi heyəti sırf "Neftçi" barədə məlumat topladı. Rəqibin aparıcı oyunçularını tanıyır, zəif və güclü tərəflərini yaxşı bilirik".
Gənc baş məşqçi Azərbaycan klublarının avrokuboklarda Finlandiya təmsilçiləri üzərində üstünlüyünün onu narahat etmədiyini söyləyib: "Azərbaycan klublarının resursları bizdən daha yaxşıdır. Bura yaxşı oynayıb, sərfəli nətincə qazanmaq üçün gəlmişik".
Koskela komandadakı qapıçılara qarşı ayrı-seçkilik etmədiyini söyləyib: "Qapıçılarımız hər iki cəbhədə oynayıblar. Sabah da onlardan biri meydanda olacaq".
Mütəxəssis "Neftçi"nin topla daha yaxşı oynadığını vurğulayıb: "Biz fiziki olaraq, çox yaxşı komandayıq. Əks-hücumlarda daha inamlı çıxış edirik. Komandamızı hər hansı oyuna hazırlayanda rəqibin zəif tərəflərini analiz edirik. Öz hücumçularımıza bu barədə məlumat vermişik. "Neftçi" isə topla daha yaxşı rəftar edir. Ən yaxşı oyunçuları Sezar Meza Kolli, Sabir Buqrin və Emin Mahmudovdur. Əsas oyunu onların üzərində qururlar".
Avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq (Report).
saytlarin hazirlanmasi