Türkiyəli mütəxəssis: "Neftçi" "Fənərbaxça"nı mübarizədən kənarlaşdıra bilər"

11:56 - 3 Avqust 2021

"Neftçi"nin "Fənərbaxça" ilə oynaması məni həyəcanlandırdı. İki qardaş ölkənin bir-birilə oynaması önəmlidi. Allah qoysa, "Neftçi" "Helsinki" səddini keçər və "Fənərbaxça" ilə rəqib olar. Həmin matçı da stadionda canlı izləmək istəyərəm".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında türkiyəli mütəxəssis Mehmet Ak deyib. 

 

Vaxtilə "Neftçi"də məşqçi kimi çalışmış və ölkə çempionu adını qazanmış türkiyəli məşqçi sabiq komandasının Avropa Liqasının pley-off mərhələsində "Fənərbaxça" ilə qarşılaşmaq ehtimalını dəyərləndirib. Ötən mövsüm Türkiyə birinci liqasında yarışan "Ankaraspor"u çalışdırmış Ak "flaqman"ı İstanbul nəhəngi önündə şanssız hesab etməyib: "Əslində “Neftçi” son vaxtlar çox yaxşı mübarizə aparmağa başlayıb. Xüsusən də ölkə çempionu olduqdan sonra avrokuboklarda uğurlar əldə etdi. Doğrudu, bəxtsiz şəkildə Çempionlar Liqasındakı çıxışını başa vurdu. Amma ilk turu keçməsi önəmliydi. Məncə, əvvəlki güclü “Neftçi” geri qayıdır. 


“Fənərbaxça”ya gəlincə, güclü komandadı. Hər halda “Neftçi” öncə “Helsinki”ni keçməlidi. İlk növbədə həmin matçı düşünməlidir. Daha sonra “Fənərbaxça”nı fikirləşmək olar. Fikrimcə, “Neftçi” yaxşı oyun və yaxşı nəticə ilə rəqibini keçəcək.

 

“Fənərbaxça” hələ hazır deyil. “Neftçi” onlara görə daha çox oyun keçirmiş olacaq, daha hazır olmuş olacaq. Bu oyunların necə alınacağını bilmək olmaz. “Neftçi” “Fənərbaxça”nı mübarizədən kənarlaşdıra bilər. Çünki “Neftçi” “Fənərbaxça” ilə oyuna qədər avrokuboklarda artıq 4-cü rəqiblə qarşılaşmış olacaq. “Fənərbaxça” isə hələ heç rəsmi matç oynamayıb.

 

Mövsümöncəsi mənim üçün klubların adlarının böyük olması deyil, kimin daha hazır olmasıdı. “Neftçi” də “Fənərbaxça”dan daha hazır olacaq. Doğrudu, oyunçuların karyerası, təcrübəsi, istedadlı olması matçın içində önəmlidi. Çünki matçın gedişində bu faktlar “Fənərbaxça”ya qələbə qazandıra bilər. Lakin “Neftçi”nin oyunçuları çox çalışıb, bunu sığortalaya bilərlər”.

Xəbər xətti