Qadınlardan ibarət Azərbaycan millisinin aparıcı üzvü Jalə Məsimova Sportal.az saytına müsahibə verib. Bir neçə gün əvvəl “Zenit”dən ayrılaraq Türkiyənin iddialı klublarından olan "Qaziantep Algspor”a keçən Məsimova həm transferi haqda, həm də qardaş ölkədə klubundakı məqsədlərindən danışıb.
- Yeni komandanıza keçidiniz necə baş tutdu? Təklif agent vasitəsilə gəldi, yoxsa klub rəsmiləri özü sizə dəvət göndərdi?
- Yeni klubuma agent vasitəsilə gəlmişəm. Bu klubu tanıyan agent idi, mənə buranı məsləhət gördü. Bundan əvvəl indiki klubumuda millimizin iki oyunçusu oynamışdı. Onlarla danışdım, qane oldum. Sonra da bu komandaya keçmək qərarı verdim.
- Maraqlıdı, nəyə görə “Zenit”də qalmaq istəmədiniz? Yeni klubunuzu seçməkdə əsas rolu nə oynadı?
- Doğrudu, Rusiya çempionatı güclüdü. “Zenit” də yaxşı komandadı, yuxarı yerlə üçün oynayır. Hazırki klubumu seçməkdə əsas rolu, klubun hər il çempionluğa oynaması, Çempionlar Liqasında iştirak etməsi oynadı. Bu da ÇL-də oynamağım üçün əlverişlidir. Beynəlxalq təcrübəm də artacaq. Bu təcrübəmlə milli komandada daha yaxşı yadda qalacam. Bununla yanaşı, bundan sonra məqsədim Avropa klublarına transfer olmaqdı. Beynəlxalq təcrübəm oralara getməyimə şans yarada bilər.
- Rusiya çempionatı güclü liqalardan hesab olunur. “Zenit”in kişi komandası ölkədə hegemonluq edir. Qadın komandası niyə o qədər güclü deyil?
- “Zenit”in kişi komandasının tarixi böyükdü. Amma qadın futbolu üçün bunu demək olmur. Ancaq qadın komandası da yüksək yerlər uğrunda mübarizə aparır.
- "Qaziantep Alqspor"da aparıcı oyunçu olmaq, daimi olaraq əsas heyətdə oynamağa müəssər olacaqsınız?
- Mənim hədəflərim hər zaman daima oynamaqdı. Bunun həyata keçməsi üçün hər şeyi edəcəm. Əslində burada məni düşündüyümdən də yaxşı qarşıladılar. Yeni klubuma gəldiyimə görə yanılmadığımı gördüm.
- Yeri gəlmişkən, klubun prezident Əli Gözcü klubun rəsmi saytına “Azərbaycan millisinin güclü futbolçusunu almışıq” deyə açıqlama vermişdi. Sizdən gözləntilər yüksəkdi?
- Mənim üçün belə gözəl sözlər söylədiyinə görə, Əli bəyə təşəkkür edirəm. Mən də prezidentin sözlərinin timsalında, istər məşqlərdə, istərsə də oyunlarda əlimdən gələni edəcəm ki, sözlərinə layiq olum. Noyabra qədər “Zenit”lə müqaviləm var idi. Həm baş məşqçi, həm də Əli bəy bu komandaya gəlməyimi çox istədilər, bəyəndilər məni. Çətinliklərə baxmayaraq şükür Allaha keçidim alındı.
- Bəs gələcəkdə özünüzü hansı klubda görürsüz?
- Futbolçunun məqsədi hər zaman daha yaxşı klublarda oynamaqdı. Məndə də belədi. Bu kluba gəlməyimdə məqsədim, daha çox inkişaf edib, daha yaxşı liqalarda oynamaqdı. Çünki yeni klubum daima çempionluğa oynayır. Son mövsüm ikinci yeri tutsalar da, ondan əvvəl çempion olmuşdular.
- Qadın futbolunda maliyyə kişi futbolunda olduğu kimi deyil. Maraqlıdı, kişi futbolunda oynayanlar qazandıqları maaşla gələcək üçün özlərinə şərait qura bilirlər, bəs qadın futbolunda necədi?
- Hazırki vəziyyətə görə yetərlidi. Çünki biz də bilirik qadın və kişi futbolunun fərqi çoxdu. Amma işin içindəyik, işimizi maksimum yerinə yetirməyə çalışırıq.
- Qadınlardan ibarət millimizin heyətində legioner həyatı yaşayan futbolçularımız az deyil. Amma millimizin nəticələri zəifdi. Nəticələrin düzələcəyinə ümidiniz var?
- Bəli, legioner həyatı yaşayanlarımız çoxdu. Amma nəzərə alın ki, bizim A milli yeni qurulub, yeni komandayıq. Digər rəqiblərimizin qadın futbolunda A milli səviyyəsində tarixi böyükdü. Biz də bunları aradan qalxması üçün hər şeyi edirik. Gənc komandayıq, ümidvaram ki, hər şey yaxşı olacaq.