"Oğlumun gələcəkdə Azərbaycan millisində oynaması mümkündü"

15:53 - 3 Avqust 2021

"Rumıniyaya qayıtdıqdan sonra Azərbaycan komandalarından təklif almamışdım. Əgər variantım olsaydı, Azərbaycanda qalardım. Amma Rumıniyada özümü yaxşı hiss edirəm. Çünki yüksək liqada oynayıram, həm də evimdəyəm".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında Rumıniya yüksək liqasında yarışan "Mioveni"nin futbolçusu Adrian Skarlatake deyib.


"Xəzər Lənkəran", "Keşlə" və "Zirə" komandalarının heyətində uzun illər Azərbaycan çempionatında çıxış etmiş 34 yaşlı müdafiəçi həmin komandalarda keçirdiyi vaxtları xatırlayıb: "Azərbaycanda uzun illər oynasam da, heç vaxt milli komandanızdan təklifim olmayıb. Sadəcə söz-söhbət var idi. Lakin təbii ki, Azərbaycan milli komandasında oynamaq xoş olardı. Mənim “Xəzər Lənkəran”, “Keşlə” və “Zirə”də çox yaxşı xatirələrim var. Bir-birindən ayıra bilmərəm, çünki Azərbaycanda oynadığım bütün klublarda özümü xoşbəxt hiss etmişəm. Orada çox yaxşı xatirələrim var".

 

Rumıniyalı, “Xəzər Lənkəran”sız ölkə çempionatının nə dərəcədə maraqlı olub-olmadığı məsələsinə də toxunub: "Xəzər Lənkəran"sız çempionatla, "Xəzər Lənkəran"ın iştirak etdiyi çempionat eyni deyil. "Xəzər Lənkəran" fanatları sadəcə fantastikdilər. Hər zaman ev oyununda atmosfer möhtəşəm olurdu. Ümid edirəm ki, “Xəzər Lənkəran” da çempionata qayıdacaq".


Skarlatake, oğlunun Bakıda dünyaya göz açmasına görə, gələcəkdə futbolçu olacağı təqdirdə Azərbaycan millisində də görmək istədiyini də etiraf edib: "Oğlumun Azərbaycan millisində oynaması? Əlbəttə ki, bu mümkündü. Əgər o, futbolçu olarsa, yaxşı oynayarsa Azərbaycan millisində oynaya bilər. O, Azərbaycan pasportuna yiyələnə bilər. Çünki onun Azərbaycanda doğum şəhadətnaməsi var. Amma baxaq da, indidən nəsə demək doğru olmazdı".


Sonda isə təcrübəli müdafiəçi ölkəmizdəki son klubu olan “Zirə” haqda fikirlərini bildirib və komandanın baş məşqçisi Rəşad Sadıqov haqda danışıb: “Məncə, Rəşad Sadıqov Azərbaycanın ən yaxşı məşqçilərindən olacaq. Əminəm ki, Rəşad “Zirə”ni çox güclü edəcək və gələcək illərdə komanda hətta çempionluq uğrunda da mübarizə aparacaq. Yeri gəlmişkən, Samir Abasova görə də çox sevindim. Ölkə çempionluğunu “Neftçi” qazandırdı. O da yaxşı mentalitet, yaxşı xüsusiyyətlərilə özündə cəmləndirən biridi”.

Xəbər xətti