"Beşiktaş"ın yetirməsi: "Azərbaycan millisini seçdiyimə görə heç vaxt peşman deyiləm, yenə olsa, yenə də bu cür seçim edərdim" - MÜSAHİBƏ

17:09 - 3 Avqust 2021

“Beşiktaş” yetirməsi olan Hüseyin Seyliğli Sportal.az saytına müsahibə verib. Hazırda “Darıca Gənclərbirliyi” klubunda çıxış edən U-21 yığmamızda çıxış etmiş müdafiəçi əsas millimizdə oynamaq istədiyindən danışıb.


- “Darıca Gənclərbirliyi”ndə işlərin necə gedir? Komandada özünü xoşbəxt hiss edirsən?
- Komanda ilə hazırlıqlarımız çox yaxşı gedir. Bu mövsüm çətin qrupa düşmüşük. Amma hədəfimiz çempionluqdu. Çempionluq alınmasa belə, pley-offdan ikinci liqaya yüksəlmək istəyirik.

 

- Bu yay klubunu dəyişmək variantın oldu?
- Bəli, Türkiyə klublarından təkliflər almışdım. Ancaq transfer məsələlərində həmin klublar öz klubumla razılaşa bilmədilər. Çünki hazırda “Darıca” ilə 1 illik müqaviləm qüvvədədi. Mövsüm sonunda isə müqaviləm başa çatacaq.

 

- Azərbaycan klublarından necə, heç dəvət almışdın? Təklif gəlsəydi, razılaşacaqdın?
- İndiyə qədər Azərbaycanın heç bir klubundan rəsmi təklif almamışam. Lakin təbii ki, Azərbaycana gəlmək istəyərəm. Tez bir zamanda adaptasiya ola biləcəyim liqadı. Azarkeşlər futbolun ən gözəl anlarındandı. Pandemiya dönəmində doğurdan da azarkeşlər üçün çox darıxdıq. Məncə, azarkeşləri yaxşı olan klub hər zaman bir addım öndədi.

 

- “Beşiktaş” klubunun yetirməsisən. Gələcəkdə əsas komandaya transfer olunmağın realdı, yoxsa çətin görünür?
- “Beşiktaş”ın əsas komandasında da oynamışam. Şenol Günəş “Beşiktaş”da baş məşqçi olanda, A komandası ilə hazırlıq matçlarında və toplanışlarında iştirak etdim. Sağolsun, Şenol Günəş mənə şans da verdi. Bu mövsüm yuxarı liqalardan təkliflər oldu. Gələcəkdə illərdə yenidən “Beşiktaş”a dönmək, niyə də olmasın?


- “Beşiktaş”da oynayarkən Azərbaycan yığmasında oynamağa başladın. Bu sənin karyerana necə təsir etdi? Səncə, Türkiyə yığmasında oynasaydın klub karyeran daha yaxşı alınardı?
- Bəli, o vaxtı Azərbaycan milli komandasını seçdim. Çünki Türkiyə yığması məni o vaxta kimi heç vaxt dəvət etməmişdi. Mən də Azərbaycan millisini seçdim. Azərbaycan millisini seçdiyimə görə heç vaxt peşman olmamışam. Çünki çox böyük təcrübə qazanmışam, çox yaxşı insanlar tanıdım, yeni ailəm oldu. Bəlkə də Türkiyə millisini seçsəydim daha yaxşı klublarda oynaya bilərdim. Amma yenə deyirəm, Azərbaycan millisini seçdiyimə görə heç vaxt peşman deyiləm, yenə olsa, yenə eyni seçimi edərdim.

 

- Müvafiq olaraq Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamısan. Səncə, nəyə görə ardıcıllıq olmadı? Yəni Azərbaycanın əsas millisinə nəyə görə dəvət edilmədin?
- U-21 yığmasında yaxşı performans göstərdiyimə inanıram. Nəyə görə dəvət edilmədim məsələsinə gəlincə, dəvət olunmağım üçün bəlkə də Azərbaycan klublarından birində oynamağım lazım idi. Belə düşünürəm.

 

- Ümumiyyətlə, özündə Azərbaycan əsas millisinə cəlb olunacaq potensial görürsən?
- U-21 yığma komandasında bərabər oynadığım futbolçular indi A milliyə dəvət edilirlər. Nəyə görə də olmasın? Hər şey mümkündü.

Xəbər xətti