"Qarabağ"ın Kiprdən yaxşı nəticə ilə dönəcəyinə inanıram" - MÜSAHİBƏ

17:12 - 5 Avqust 2021

“Sumqayıt”ın təcrübəli futbolçusu Elvin Məmmədov Sportal.az saytına müsahibə verib:

- "Sumqayıt" avrokuboklardakı çıxışını erkən başa vurdu. Belə olacağını ehtimal edirdiniz, yoxsa ən azından bir mərhələ keçəcəyinizə inanırdın?
- Əlbəttə, biz mərhələ keçəcəyimizə çox inanırdıq. Ancaq təəssüflər olsun ki, bu dəfə də alınmadı. Halbuki bunu çox istəyirdik.

- Necə düşünürsən, nəyə görə "Çukariçki" səddini keçə bilmədiniz? Rəqib çox güclü idi, yoxsa siz istədiyiniz kimi oynaya bilmədiniz?
- Əslində Serbiyadan sərfəli nəticə ilə qayıtmışdıq. Amma heyf ki, ikinci oyunda istədiklərimizi tam olaraq həyata keçirə bilmədik. “Çukariçki” də güclü rəqib idi. Bunu da unutmaq olmaz.

- "Sumqayıt"ın cari mövsümki məqsədi nədən ibarət olacaq? Bu mövsüm ən real gücünüz nəyə imkan verəcək?
- Ötən mövsüm olduğu kimi sadəcə mübarizəmizi aparacağıq. Hər oyuna uğurlu nəticə üçün çıxacağıq. Nəticə isə özü gələcək.

- Ötən mövsüm həm də çempionluq, həm də avrokuboklar uğrunda sona qədər mübarizə getdi. Necə düşünürsən, bu mövsüm daha maraqlı olacaq? Çempionluq uğrunda "Qarabağ" və "Neftçi"yə qoşula biləcək komandalar varmı səncə?
- Bunu qabaqcadan demək olmur. Çempionat başlasın, ondan sonra bu barədə danışarıq. İndidən bir söz demək doğru da olmaz.

- "Sumqayıt" mövsümün ilk oyununda "Keşlə" ilə qarşılaşacaq. Mövsümə qələbə ilə başlamağınız üçün yaxşı şansdı?
- Hər bir komandaya uğurlar arzulayıram. İnanıram ki, maraqlı oyunlar olacaq. Amma siz deyən fikirlə razı deyiləm, çünki ilk oyunlar həmişə çətin keçir. 
 

- Sabiq komandan "Qarabağ" bu gün AEL-lə qarşılaşacaq. Necə fikirləşirsən, onlar Limassoldan uğurlu nəticə ilə dönə bilər? Ümumiyyətlə, bu komandanın Konfrans Liqasında qruplara qalacağına ümidin var?
- “Qarabağ”a uğurlar arzu edirəm. Allah qoysa onlar Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanarlar. “Qarabağ”ın Kiprdən yaxşı nəticə ilə dönəcəyinə inanıram.

- Azərbaycan A millisinin şərəfini qorumusan. Sabiq milli üzvü kimi Filip Ozobiçin milliləşdirilməsini necə dəyərləndirirsən? Səncə, o, millimizə kömək ola bilər?
- Filip Ozobiç yaxşı futbolçudu. Məncə, o, milli komandamıza kömək edəcək. Milli komandamıza da uğurlar arzu edirəm.

Xəbər xətti