Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin AEL - "Qarabağ" matçından sonra AĞdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda danışıb. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Çox yaxşı mübarizə getdi. Meydanda iki xarakterli komanda var idi. Bəlkə də hər iki komanda uduzmamağı haqq edirdi. Öz futbolçularıma təşəkkür edirəm. Hər iki hissədə xeyli qol epizodlarımız oldu, istifadə edə bilmədik. Futbolçular sonadək mübarizə apardılar. Qarşıda cavab oyunu var. Bu hesab hələ heç nə demək deyil. Bakıdakı oyunda hətr iki komandaya qələbə lazım olacaq. Ona görə də maraqlı qarşılaşma olacağına inanıram. Hər iki komandanın futbolçularına uğurlar arzu edirəm.
- Səfər qolunun ləğv olunması haqda nə düşünürsüz?
- Əvvəllər səfər qolu üstünlük hesab olunurdu, amma indi elə deyil. Buna baxmayaraq bərabərlik heç də pis nəticə deyil. Bakıda iki oyunun nəticəsinə görə mərhələni keçməyi düşünəcəyik. QOl vurub, qol buraxmamağa çalışmalıyıq.
- Son dəqiqələrdə baş verənlərlə bağlı AEL rəsmiləri ilə söhbətləşmisiniz? Komandaya hansısa cəza veriləcəyini gözləyirsiz?
- İstəməzdik ki, oyunun sonunda belə hal yaşansın. Hansı qərarın veriləcəyinə gəldikdə isə, buna UEFA baxacaq. Belə hal nə rəqib üçün, nə də bizim üçün xoş deyil. Biz idmançılarıq. Daha çox meydanda öz işimizlə məşğul olmağa çalışmalıyıq. Amma bəzən elə hallar olur ki, hamımız ona reaksiya veririk. Dəfələrlə bizə qarşı belə təxribatlar olub. Biz həmişə öz mədəniyyətimizi göstərmişik. Azərbaycanı təmsil edirik, maksimum səbrli olmağa çalışırıq. Onu deyə bilərəm ki, biz heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə özümüzü idman prinsiplərinə uyğun idarə etməyə çalışırıq. Dünya futbolunda belə hallar çox olub. Bu da bəlkə futbolun bir gözəlliyidi. Amma istənilən halda heç kəs belə halın yaşanmasını istəməz. Çünki sonluq heç də yaxşı olmur. UEFA nümayəndəsi də sonda davranışımıza görə bizə təşəkkür elədi. O da azarkeşlərin həddən artıq aqressiv olduqlarını görürdü. Futbolçularımızın üzərinə bəzi əşlalar atıldı. Onların bəziləri oyunçuların başına, qoluna dəydi. Amma belə şeylər bizə təsir eləməz. UEFA nümayəndəsi də görürdü ki, mən futbolçularımı sakitləşdirməyə çalışıram. Düzdü, sonda mən də dözmədim, özümü bir az aqressiv apardım. Biz Bakıda idman prinsiplərini qoruyub saxlamağa çalışacağıq. Bizim işimiz meydanda özümüzü düzgün idarə etmək və yaxşı nəticə əldə etməkdi.
saytlarin hazirlanmasi