"Görünür nalayiq ifadələr olub ki, Qurban Qurbanov kimi təmkinli insan reaksiya verib" - MÜSAHİBƏ

12:50 - 6 Avqust 2021

“Qarabağ”ın sabiq futbolçusu Kənan Kərimov Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun Konfrans Liqasının üçüncü təsnifat mərhələsində AEL-ə(Limassol) qarşı keçirdiyi oyun barədə danışıb:


- “Qarabağ”ın AEL-lə matçdakı çıxışını necə dəyərləndirirsiniz? 
- Bəli, oyunu izlədim. Doğrudu, son dəqiqələrdəki insident sanki oyunun önünə keçdi. Amma oyuna gəldikdə, “Qarabağ” da ehtiyatlı oynayırdı, əks-hücumlara daha çox üstünlük verirdi, açıq futbola getmirdi. Çünki hələ qarşıda cavab qarşılaşması var. Ümid edirəm ki, “Qarabağ” evdə qələbə qazanıb mərhələni keçəcək.


- AEL gözlədiyiniz qədərilə güclü komanda çıxdı, yoxsa “Qarabağ”a rəqib olacaq komanda deyildi?
- AEL daha ehtiyatlı oynayırdı. “Qarabağ”dan çəkinirdilər, bu görünürdü. Evdə oynasalar da, daha çox qapanmışdılar. Əks-hücumlara üstünlük verirdilər. Çox güman ki, “Qarabağ” evdə qələbə qazanacaq.

- “Qarabağ”ı əvvəlki illərlə müqayisədə indi necə görünürlər? Heyət və yeni transferləri bəyəndiniz?
- Komandaya yeni qoşulan uşaqlara uyğunlaşmaq üçün vaxt lazımdı. Düzdü, əvvəlki illərə nisbətən “Qarabağ”da dəyişikliklər olub. İnanıram ki, qısa müddətdə “Qarabağ” öz oyununu tapacaq və bizi uğurlu nəticələrlə sevindirəcək.

- Limassol təmsilçisinin Bakıda “Qarabağ”a problem yaşada biləcəyini düşünmürsünüz?
- İnanmıram ki, AEL Bakıda “Qarabağ”a problem yaşadacaq gücdə olsun. İlk oyunda da gördük ki, “Qarabağ”dan çəkinirlər, ehtiyatlı oynayırlar. APOEL-lə AEL-i müqayisə etsək, birincilər daha güclü idi.

- Oyunun sonlarında baş verən insidenti yəqin ki, efir vasitəsilə də olsa gördünüz. Məlumata görə, yerli azarkeşlər Qurban Qurbanova qarşı nalayiq ifadələr işlədiblər. Həmin insidenti gördüklərinizdən irəli çıxaraq necə şərh edərdiniz?
- Gərək dəqiq orada olasan ki, insidentin nədən yarandığını biləsən. Qurban Qurbanov təmkinli insandı, hər şeyə reaksiya verən deyil. Görünür ki, nalayiq ifadələr olub, təhqirlər edilib ki, Qurban müəllim kimi təmkinli insan reaksiya verib. Onların cavabını Bakıda meydanda vermək lazımdı. Allah qoysa evdə “Qarabağ” qələbəsilə onlara sübut edəcək ki, onlar boş yerə özlərini “parçalayırdı”. 

Xəbər xətti