“Qəbələ”nin yeni transferi İsnik Halimi Sportal.az saytına müsahibə verib. Uzun illər "Atalanta"ya məxsus olan, karyerası ərzində "Kyevo", "Lumezzane", "Viçentsa", "Rimini", "İmoleze" klublarında oynamış 27 yaşlı yarımmüdafiəçi bölgə klubuna keçidilə bağlı danışıb:
- “Qəbələ”yə keçidin necə alındı?
- Təklif “Qəbələ”dən gəldi. Yəqin ki, son mövsümdə Xorvatiya liqasındakı oyunlarımı görüb, bəyəniblər. Elə ondan sonra mənimlə əlaqə yaratdılar. “Qəbələ”də olduğuma görə xoşbəxtəm. Bu komandanın mənimlə maraqlanmasına görə xoşbəxtəm.
- Bu komandadan savayı başqa klublardan təklifin var idi? Əgər var idisə, nəyə görə məhz “Qəbələ”yə keçidə üstünlük verdin?
- Bu yay “Atalanta” ilə müqaviləm başa çatdı. Uzun illər İtaliyada, daha sonra Xorvatiyada oynadıqdan sonra bir çox klublardan təklif almışdım. Macarıstan, İtaliya, Albaniya, Hindistan kimi ölkə klublarından dəvətlər gəlmişdi. Amma mən “Qəbələ”ni seçdim. Çünki bu klubun ambissiyası məni çox maraqlandırdı. Üstəlik bu komanda mənim gəlməyimi çox istəyirdi. Ona görə də “Qəbələ”ni seçdim. İnanıram ki, bu seçim həm mən, həm də klub üçün yaxşı olacaq.
- Azərbaycan Premyer Liqasında məqsədin nədən ibarət olacaq?
- Məqsədim bütün oyunlarda bacardığım qədər yaxşı oynamaq, “Qəbələ” üçün faydalı olmaqdı. Ən vacibi də budu. Səbirsizliklə çempionatın başlamasını gözləyirəm.
- Ümumiyyətlə, heç Azərbaycan çempionatı, futbolu barədə məlumatlı idin?
- Azərbaycan futbolu haqda çox eşitmişdim. Həm İtaliyada, həm Şimali Makedoniyada olanda futbolunuz haqda məlumatlı idim. "Qarabağ”ın hər mövsüm avrokuboklarda oynamasını bilirdim.
- Uzun illər “Atalanta”ya məxsus olsan da, İtaliya klubunun heyətində meydana çıxmamısan. Bu nə ilə əlaqədar idi?
- Doğrudu, altı il “Atalanta”nın oyunçusu sayılmışam. Rəsmi oyunlarında oynamasam da, yoldaşlıq matçlarında, məşqlərdə iştirak etmişəm. Bilmirəm bəlkə də klub düşünürdü ki, orada oynamağa hazır deyiləm, bəlkə də mənimlə bağlı başqa planları var idi. Amma deyə bilərəm ki, 5 il ərzində “Atalatan” çox yaxşı futbol nümayiş etdirir. Bu komanda çox sayda böyük oyunçular yetişdirib.
- “Qəbələ”yə gəlməmişdən əvvəl “Atalanta” ilə sağollaşa bildin? Sənə nə dedilər Azərbaycana gələcəyini biləndə?
- Bəli, mənim onlarla əlaqələrim var. “Atalanta”nın direktoru ilə sağollaşdım. Çünki həmin adam məni vaxtilə Şimali Makedoniyadan İtaliyaya gətirmişdi. İlk peşəkar müqaviləmi “Kyevo” ilə imzalamışdım. Həmin vaxtı həmin adam orada komandanın icraçı direktoru idi. Sonradan o, “Atalanta”ya keçdi, məni də bu komandaya dəvət etdi. Azərbaycana gəlməmişdən əvvəl onunla danışdım, sağollaşdım, bir-birimizə uğurlar arzuladıq. O, mənimlə fəxr etdiyini dedi.