Elmar Baxşıyev: "Komandanın "Neftçi" ilə layiqli mübarizə aparacağına inanırıq"

23:31 - 7 Avqust 2021

Yeni mövsümə hazırlıq çərçivəsində keçirilən “Sabah” – “Qəbələ” oyunundan (2:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matç barədə fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis hazırlıq prosesi və Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” ilə qarşılaşması barədə də düşüncələrini bölüşüb:

 

“Bu oyun bizim üçün faydalı oldu. Xətlərarası əlaqəni yaxşılaşdırmaq üçün komandaya yeni qoşulan futbolçuların oyunu hiss etməsini planlaşdırırdıq. Əlbəttə, onlar bizə bir az gec qoşulduğundan bəzi çətinliklər olacaq. Amma inanıram ki, bu oyunçular da komandaya tez uyğunlaşacaq və fayda verəcəklər. Mövsümə tam hazır olmasaq da, futbolçuların məşqlərə yanaşmasından məmnunam. İnanıram ki, komandamız çempionatda məzmunlu oyun nümayiş etdirəcək. Hazırlıq prosesini qənaətbəxş saymaq olar. Tam komplektləşməyən heyət indi formalaşır. Oyun göstərdi ki, yeni qoşulanlar öz keyfiyyətlərini komanda oyununa qata bildilər. Komandamız qısa zamanda daha da inkişafda olacaq. “Sabah”la görüşədək məhz bu oyuna hazırlaşırdıq. Qarşıdakı günlərdə bütün hazırlıq “Neftçi”yə qarşı matçla bağlı olacaq. Rəqib heyəti komplektləşmiş və daha təcrübəli komandadır. Amma öz komandamıza və onun “Neftçi” ilə layiqli mübarizə aparacağına inanırıq”. 

Xəbər xətti