"Qarabağ" meydanda AEL-in cavabını verəcək, Kipr klubu problem yarada bilməz"

10:54 - 8 Avqust 2021

"Qarabağ" Kiprdəki matçda qadir olduğunun 100 faizini göstərə bilmədi. Bu da başadüşüləndi. Çünki oyundan-oyuna fərq var, rəqibdən də çox şey asılı olur. AEL asan rəqib deyildi, güclü idi, sürətli futbol oynayırdı, yaxşı hücumçusu var idi. Buna baxmayaraq, “Qarabağ” maksimumu etdi".


Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ramiz Hüseynov deyib. 

2006/2007 mövsümündə Ağdam klubunun heyətində ölkə kubokuna da sahib çıxan Hüseynov, "Qarabağ"ın Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki AEL-lə ilk oyunu dəyərləndirib. Bununla yanaşı o, təmsilçimizin pley-off şanslarını qiymətləndirib: "Qarabağ" hesabdan asılı olmayaraq öz oyununu oynayır. Bu da Qurban Qurbanovun mövqelər üzrə yaxşı seleksiya aparmasından irəli gəir. Xətlər arası anlaşmanın yaxşı olmasını qeyd edirəm. Son dəqiqədə vurulan qol ev oyunu öncəsi üstünlük yaratdı. Komanda Kiprdə əlindən gələni etdi, maksimumu etməyə çalışdı.

“Qarabağ” da qalib gəlmək istəyərdi. Amma oyunun gedişatı fərqli şeylər deyir. Məncə, 1:1 komandanı razı salan hesabdı. Çünki 0:1 uduza-uduza son dəqiqədə vurulan qol komanda üçün böyük üstünlükdü. Bakıdakı oyunda şanslar? "Qarabağ" ev oyunu oynayacaq, evdə oynayan da üstünlük qazanır. Kiprdəki oyun o qədər asan keçməmişdi. Bu aradakı vaxtda güman edirəm ki, Qurban Qurbanov nəticə çıxarıb. Yəni birinci oyunu yaxşı analiz edib. Məncə, AEL "Qarabağ"a ciddi problem yarada bilməz. İstəyirik ki, təmsilçimiz qalib gəlsin". 

"Qarabağ"ın keçmiş futbolçusu Larnakadakı matçın son dəqiqəsində yerli azarkeşlərin komandanın futbolçuları və Qurban Qurbanova qarşı etdiyi qeyri-etik hərəkətlərə də şərh verib: "Son dəqiqələrdə baş verən hadisə isə idman və futbol adına yaraşan hadisə deyil, xoşagəlməz hadisə idi. “Qarabağ”, Qurban Qurbanov da bildiyimiz kimi konfliktlərdən uzaqdı. Ən azından xarakter baxımındna belədi. Ancaq hamımız insanıq, hərdən əsəbləri cilovlamaq olmur. “Qarabağ” evdə, meydanda rəqibinə cavab verəcək. Bunu ürəkdən arzulayıb, istəyirik".

Xəbər xətti