“Sabah” bu gün yeni transferi, Kristian Sebalyosu ictimaiyyətə açıqladı.
Növbəti mövsüm ölkə çempionatında uğurlu nəticə üçün oynayacaq klub “Barselona” yetirməsi kimi tanınan ispanı heyətinə qatmaqla hücum xəttini gücləndirmiş olub.
Forvard ölkəmizə gələnə kimi bir çox ölkədə çıxış edib. O, çıxış etdiyi klublarda bir neçə tanınmış futbolçularla yanaşı, Azərbaycan futboluna da yad olmayan simalarla komanda yoldaşı olub. Yüksək liqa səviyyəsində ilk dəfə Portuqaliyada “Aruka” klubunda oynamış Sebalyos “Kəpəz” forması geyinmiş Serjinyo ilə komanda yoldaşı olub.
İngiltərədə isə o daha məhşur futbolçularla dostlaşıb. 2015/2016 mövsümündə “Çarlton”da çıxış edən ispan, İngiltərə millisinin qapıçısı Nik Pop və Fransa millisinin sabiq üzvü Alu Diarranın komanda yoldaşı olub.
Azərbaycana gəlməmişdən əvvəl, Avropada son klubu “Sent-Trüden” olan Sebalyos burada Azərbaycanda oynamış futbolçularla eyni komandada oynamağa vaxt tapıb. Belə ki, “Sabah”ın yeni transferinin dostu ötən mövsümü “Neftçi”də keçirmiş Tallison Diazdı. 2018/2019 mövsümündə onlar "Sent-Trüden" üçün tər töküb.
Sebalyos “Sabah”da Kevin Kubemba ilə komanda yoldaşı ola bilərmiş. Amma konqolu futbolçu ispan gəlməmişdən komandadan ayrılıb. Bu iki futbolçu "Sent-Trüden"də komanda yoldaşı olublar.