“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib. Mövsümöncəsi “Səbail”lə yoxlama oyununda komandasını sınayan Qurbanov yeni mövsüm “Keşlə”nin məqsədlərindən, yeni transferlərindən danışıb:
- Mövsümöncəsi yoxlama görüşündə “Səbail”ə 3:1 hesabı ilə qalib gəldiniz. Komandanızdan razı qaldız?
- Bəzi tapşırıqlar var idi ki, futbolçular yerinə yetirirdilər. Tapşırıqları yerinə yetirmək baxımından futbolçularımdan tam olaraq razı qaldım. Ancaq ağır məşqlərdən sonra bu oyunu oynayırdıq. Bundan sonra bərpa dönəmini keçdik və növbəti həftə artıq çempionat oyununa hazırlaşacağıq.
- Komandanı tam komplektləşdirmisiz, yoxsa yenə transfer olacaq?
- Edə biləcəyimiz həm yerli, həm də legioner transferlərini etmişik. “Transfer pəncərəsi”ni bağladığımızı deyə bilərəm.
- Bəs, Belçikadan Diamant Ramazanini gəlişi gözlənilirdi axı...
- Doğrudu. Amma biz Ramazanini çoxdandır ki, gözləyirik. Uzun müddətdir ki, oynamadığına görə yalnız baxışa dəvət edilib. Sadəcə viza problemləri olduğundan, gəlişi yubanır. Görək də necə olacaq. Baxışda olan Reza Kərimini isə bəyənmədik deyə, göndərdik.
- Yeni mövsümə fazi etibarilə nə qədər hazırsınız?
- Yeni mövsüm üçün bacardığımız nə idisə, onu etdik ki, 14-nə kimi optimal formamızın 70-80 faizi ilə oyuna çıxa bilək. Hələ vaxtımız var. İstəsək belə çempionata tam hazır ola bilmərik. Ancaq optimal formamızı yığmağımız üçün işlər davam edir, əlimizdən gələni edirik.
- Avrokuboklardakı çıxışınıza görə mövsümə erkən başlamışdınız. “Soçi” ilə oyunlarda komanda nəyə görə istədiyinə nail ola bilmədi? Mərhələ adlamağınıza mane olan nə idi?
- “Soçi” həminki günə qədər bizdən daha hazırlıqlı idi, turnir oynamışdı, toplanış keçmişdi, daha çox hazırlıq oyunu oynamışdı. Rusiyadakı oyundan fərqli olaraq, Bakıda futbolçularım yaxşı təsir bağışladı, qol imkanlarımız oldu, qollar vurduq. Rusiyada buraxdığımız qollara görə, cavab oyununda daha çox hücuma fikir verməyə, risk etməyə məcbur idik. Bunlardan sonra da qapımızda qollar gördük. Birinci oyunla müqayisədə ikinci oyunda daha yaxşı oynadıq.
- Heyətiniz heç də pis görünmür. Yeni mövsüm çempionluq mübarizəsinə qoşulmaq haqda düşünürsünüz?
- Hər oyunda yaxşı nəticə göstərmək istəyirik. Amma çempionluq mübarizəsi haqda danışmaq tezdi. Çalışacağıq yaxşı kollektiv yaradaq. Yaxşı komanda yaranandan sonra, yaxşı nəticələr də gələcək. Bununu üçün əlimizdən gələni edirik.
- Yeni transferlərdən razısınız? Daha çox Felipe Santos diqqətləri üzərinə çəkməyi bacarıb...
- Büdcəmizə uyğun futbolçular transfer etməyə çalışdıq. Onların potensiallarına inanırıq, onlara şans da veririk. Felipe “Soçi” matçında yaxşı təsir bağışladı. Çalışacağıq ki, həm Felipe, həm digər yeni transferlər 1 oyunda yox, stabilliyi qorusunlar. İnkişaf yolunu tutmuşuq, onlar bu yolda kömək edəcəklər.
- Köməkçilərinizdən Azər Bağırovun sizinlə konfliktə görə komandadan göndərildiyi deyilirdi. Həqiqətən belədi, yoxsa necə?
- Azər Bağırovla yollarımızı ayırdıq, ona uğurlar arzuladıq. Futbolda belə hallar olur, məşqçilər korpusunda dəyişiklik oldu, qarşılıqlı razılaşmadan sonra yollarımız ayrıldı.
- Rəhbərliyin sizdən istədiyi nədi? Uğursuzluq olacağı təqdirdə də şans verəcəklər sizə?
- Rəhbərlik hər zaman yaxşı kollektiv qurmaq, yaxşı nəticələr istəyir. Bu yöndə həm biz, həm də rəhbərlik addımlar atır. Çalışacağıq ki, uğursuzluqlar olmasın. Amma bu futbolun bir hissəsidi, istəsək də, istəməsək də belə hallar ola bilər. Ona görə də biz işimizi öncədən tutmalıyıq ki, uğursuzluqların qarşısını ala bilək. Ancaq istənilən halda belə hallar olarsa da, bunu zaman göstərəcək. Bu haqda söz deyə bilmərəm. Çalışacağıq ki, rəhbərliyin etimadını doğruldaq.
- Yeni mövsüm ötən mövsümlə müqayisədə daha maraqlı alınacağını düşünürsünüz?
- Digər komandaların transferlərini eşidirik, mətbuatdan oxuyuruq. Yaxşı və sürətli çempionat olacaq. Ötən mövsüm də həm çempionat, həm də kubokda gərgin oyunlar oldu. Növbəti mövsüm sürətli və baxımlı çempionat gözlənilir, yaxşı transferlər edir komandalar. Biz də digər komandalardan geri qalmamağa çalışdıq. Mənə elə gəlir ki, komandalar daha iddialı olacaq.
- Mövsümə “Sumqayıt” oyunu ilə start verəcəksiniz. İlk oyunda ilk üç xal mümkün olacaq?
- “Sumqayıt” artıq bir neçə ildir ki, Ayxan Abbasovun başçılığı altında çıxış edir. Oyun üslubu olan, nizam-intizamlı komandaya çevrilib. Evdə yaxşı nəticə qazanmağa çalışacağıq. Çempionatın startı bizim üçün çox önəmlidi ki, rəqibimiz çətin olsa da, startı yaxşı götürməyə çalışacağıq.