"Ümidvaram ki, pulla bağlı problem olmayacaq" - MÜSAHBİƏ

13:20 - 9 Avqust 2021

“Səbail”in yeni transferi Yurgen Qoca Sportal.az saytına müsahibə verib. Ötən mövsümü "Qəbələ"də keçirən albaniyalı müdafiəçi yeni mövsümə Premyer Liqanın digər təmsilçisi "Səbail"də başlayacaq. O, bu komandanı seçməsindən söz açıb:

- Yeni komandana keçidin haqda nə deyəcəksən? 
- “Səbail”də yaxşı çıxış edəcəyimə ümid edirəm. Komandaya yeni uğurlarda köməkçi olmaq niyyətindəyəm. Klub mənə təklif göndərdi, mən də burada oynamağa razı oldum. Çünki Azərbaycan Premyer Liqasından ayrılmaq istəmirdim. 

- Artıq yeni komandanı tanıyırsan, kollektivi görmüsən. Səncə, bu komanda yeni mövsüm nəyə qadirdi?
- Bizim çox yaxşı, təcrübəli futbolçularımız var. Sadəcə daha da güclənmək üçün 2-3 nəfərə ehtiyacımız var. Belə olacağı təqdirdə biz avrokuboklar uğrunda mübarizə apara bilərik. 

- Ötən mövsüm klubda tez-tez maliyyə problemi yaranırdı. Qarşıdakı mövsüm bunun təkrarlanmasından ehtiyat etmirsən?
- Pul barəsində danışmaq istəmirəm. Biz hər şeyi gedişatda görəcəyik. Ümidvaram ki, pulla bağlı problem olmayacaq.

- Hazırda Azərbaycan Premyer Liqasında mübarizə aparacaq yeganə albaniyalısan. Bu səndə ikiqat məsuliyyət yaradır?
- Öncəliklə mən komandam üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Harada olmağımdan asılı olmayaraq ilk növbədə komandam üçün ən yaxşısını etmişəm. Bəlkə, başqa albaniyalı oyunçular da gəldi bura. 

- Premyer Liqanın 2021/2022 mövsümündən gözləntilərin necədi?
- Məncə, yeni mövsüm elə ötən mövsümki kimi alınacaq. Hansı ki, sona qədər hansı komandanın çempion olacağı, hansı komandanın Avropaya yollanacağı bilinmirdi. Məncə, “Qarabağ” və “Neftçi” digər 6 komandadan daha yüksəkdədi.

- Yəqin ki, “Qəbələ”yə qarşı matçlar sənin üçün xüsusi və daha maraqlı olacaq?
- Əlbəttə ki, çox yaxşı oyunlar olacaq. Çünki orada mənim çox yaxşı dostlarım var. Hansı ki, məni çox yaxşı qarşılamışdılar, mən də ora üçün ən yaxşısını etməyə çalışmışam. Təbii ki, qələbəni güclü tərəf qazanır. Ancaq istənilən halda hamımız dostuq.

Xəbər xətti