"Messi ilə eyni komandada oynamaq inanılmaz idi, "Barselona"da keçirdiyim anları həmişə xatırlayacam" - MÜSAHİBƏ

14:33 - 9 Avqust 2021

“Sabah”ın yeni transferi, “Barselona” yetirməsi olan Xuan Kamara Sportal.az saytına müsahibə verib:

 

- “Sabah”a keçidinin necə baş tutması barədə məlumat verə bilərsən? Hər halda ölkəmizə gəlməmişdən yeni klubun və Azərbaycan futbolu barədə məlumatın var idi?
- “Sabah”dan təklif gələndə, kiçik araşdırma edərək, bu ölkə və klub barədə məlumat əldə etdim. Öyrəndiklərim, məndə klub və ölkə barədə müsbət fikir formalaşmasına kifayət etdi. “Sabah”da istər oyunçular arasında, istərsə də futbolçularla məşqçilər arasında çox isti münasibət var. Ki, bu da komanda daxilində çox müsbət ab-hava yaradır. Buna görə də yeni komandama uyğunlaşmağımda çətinlik çəkmədim. Ümumi götürdükdə, təəssüratlarım çox müsbətdi. İnanıram ki, birlikdə çalışaraq yeni mövsümdə arzuladığımız hədəflərə çata biləcəyik.

- Yoxlama görüşlərində meydana çıxmısan. Artıq Azərbaycan futbolunun atmosferini hiss etisən, necə təəssürat yarandı səndə futbolumuz haqda?
- Mövsümöncəsi yaxşı hazırlıq keçdik. İlkin təəssüratlarıma əsasən deyə bilərəm ki, Azərbaycan Premyer Liqasında fiziki gücə üstünlük verilir. Komandalar daim hücumda və müdafiədə hərəkətli olurlar. Deyərdim ki, bu cür futbol mənim oyun tərzimə də uyğundu.

- Bəs, “Sabah” bu çempionatda hansı nəticəyə imza atmağa qadirdi?
- Bunu çempionat ərzində görəcəyik. Ümid edirəm ki, bizim üçün möhtəşəm mövsüm olacaq. Sonda turnir cədvəlində mümkün qədər yüksək yerdə qərarlaşacağıq.

- “Yagelloniya”dan ayrılanda sənə nə dedilər? “Sabah”da hər şey yaxşı alınarsa, Polşaya qayıtmayıb hazırki komandadan qalmaq istəyərsən?
- Düzü, hazırda bu barədə fikirləşmirəm. İndi yalnız komandamın qarşıdakı oyunları barədə, həmçinin uğurlu mövsüm keçirməyimiz haqda düşünürəm. Siz dediyiniz məsələlərə mövsüm bitdikdən sonra baxmaq olar.

- Əvvəllər Azərbaycanda oynamış Lukaş Sapela, Fernan Lopez, Magaye Gueye ilə birlikdə oynamısan. Heç onlardan Azərbaycan futbolu haqda soruşmusan?
- Bura gəlməmişdən öncə Azərbaycanda oynamış futbolçulardan biri ilə danışmışdım. O, mənə ölkə və çempionat barədə xoş şeylər dedi. Təklif gəldikdə isə, bu barədə çox düşünmədim. Fikirləşdim ki, “Sabah” mənim üçün yaxşı seçim olacaq.

- Dünən dünya futbolunun diqqəti Barselonadaydı. Lionel Messi “Barselona”dan ayrılması barədə mətbuat konfransında çıxış etdi, hətta göz yaşlarına hakim ola bilmədi. Bu haqda nə düşünürsən?
- Düşünürəm ki, İspaniya La liqası son dövrlərdə çox şey itirdi. Serxio Ramos, Kriştiano Ronaldo, Neymar və Messi liqadan ayrıldı. Bu oyunçuların gedişi La Liqa üçün böyük itkidi. Messini onun həyatını dəyişən klubu tərk etməsini görmək çox qəribə hisdi. Onun gedişi kədərlidi. Lakin Messinin harada olmasından asılı olmayaraq, biz onun oyunundan zövq almağa davam edəcəyik.

- Onunla birlikdə “Barselona”da oynamısan. Messi ilə anlarını necə xatırlayırsan?
- Uşaqlıqdan bəri hər birimizin oynamağı arzuladığımız, inanılmaz oyunçularla birlikdə çıxış edə bildiyim üçün özümü xoşbəxt hesab edirəm. Messi ilə eyni komandada oynamaq inanılmaz idi. Futbolda çox hadisə baş verir. “Barselona”da keçirdiyim illər möhtəşəm idi. Lakin heç də hər futbolçuya “Barselona” kimi komandada uzun müddət oynamaq qismət olmur. Amma mən bu möhtəşəm klubda keçirdiyim möhtəşəm anları həmişə xatırlayacam.

Xəbər xətti