İlham Yadullayev: "Neftçi"nin səviyyəsi HİK-dən üstündü"

15:06 - 9 Avqust 2021

"Neftçi"nin və milli komandamızın keçmiş futbolçusu İlham Yadullayev Sportal.az saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis "Neftçi" və "Qarabağ"ın avrokubok oyunlarını dəyərləndirib. O, Avropa Liqasında Finlandiyanın HİK klubu ilə qarşılaşan "Neftçi"nin rəqibdən daha səviyyəli komanda olduğunu deyib:

 

"Neftçi" ev oyununda pis təsir bağışlamadı. Sadəcə müdafiədəki səhvlərdən sonra iki qol buraxdı. "Neftçi"nin səviyyəsi HİK-dən üstündür. Finlandiya təmsilçisini belə gözləmirdim. Çox nizam-intizamlı, yaxşı komanda olduqlarını göstərdilər. Məşqçinin bütün tapşırıqlarını taktiki cəhətdən düzgün yerinə yetirdilər. "Neftçi"nin müdafiəsində olan boşluqları tapıb, qol vurdular.

 

Səfərdə "Neftçi"ni ağır oyun gözləyir. Amma inanıram ki, təmsilçimiz qələbə ilə dönəcək. HİK evdə oynayır, əllərindən gələni edəcəklər. Amma inanıram ki, "Neftçi" oyuna yaxşı köklənib, bu mərhələni keçəcək".

 

İlham Yadullayev "Qarabağ"ın Avropa Konfrans Liqasında Kiprin AEL klubu ilə oyunu haqda da danışıb:

 

"Qarabağ"ın avrokuboklarda olan təcrübəsi öz sözünü deyir. Komanda səfərdə lap yaxşı oynamasa da, sərfəli nəticə əldə etdi. "Qarabağ" qələbə qazana da bilərdi. Amma kiprli azarkeşlərin çılğınlığı, təzyiqləri futbolçulara təsir etdi. İnanıram ki, "Qarabağ" bunun cavabını Bakıda verəcək. Ağdam təmsilçisi qələbə qazanmaqla avrokuboklara layiq komanda olduğunu sübut edəcək".

Xəbər xətti