Yunis Hüseynov: "Qarabağ" AEL-ə minimum iki top fərqi ilə qalib gələcək"

11:43 - 10 Avqust 2021

Futbol mütəxəssisi Yunis Hüseynov Sportal.az saytına açıqlama verib.

 

Təcrübəli məşqçi "Neftçi"nin və "Qarabağ"ın avrokubok oyunları barədə danışıb. O, "Neftçi"nin HİK-dən üstün olduğunu deyib:

 

"Neftçi"nin HİK-lə oyununa baxdım. Finlandiya təmsilçisini belə təsəvvür eləmirdim. Fiziki güc hesabına oynayacaqlarını gözləyirdim, amma əksinə onlar topla yaxşı davrandılar. İlk hissədə HİK yaxşı təsir bağışladı. İkinci hissədə "Neftçi" futbolçuların fərdi oyunu, ustalığı sayəsində rəqibi üstələdi və bunun sayəsində iki qol vurdu. Məndə belə bir hiss var idi ki, "flaqman" qalib gəlməli idi. Amma bu o demək deyil ki, hər şey əldən gedib. Xeyr, elə deyil. Hələ qarşıda cavab oyunu var. İnanıram ki, "Neftçi" Finlandiyada yaxşı oyun göstərib qələbə qazanacaq. 


Finlandiya çempionatında 16-cı tut gedir. HİK son turda da qələbə qazanıb. Onların oyun təcrübəsi "Neftçi"dən qat-qat çoxdur. Oyun süni örtüklü meydanda olacaq, HİK bu meydana öyrəşib. Bu da bir az onlar üçün üstünlük olacaq. Amma bütün bunlara baxmayaraq oynamaq olar. Mənə elə gəlir ki, oyun praktikasının az olmasına görə "Neftçi" kollektiv şəkildə yaxşı oynamasa da, fərdi keyfiyyətlərdə rəqibdən üstündür və həmin futbolçular oyunun taleyini həll edə bilərlər. HİK müdafiədə boşluqlar verən komandadı. Amma həm hücumda, həm də müdafiədə komanda şəklində olurlar. Şansları 50/50-yə dəyərləndirirəm".

 

Hüseynov Samir Abasovun Çempionlar Liqası ikinci təsnifat mərhələsinin "Olimpiakos"la oyununda gənc futbolçuları meydana buraxması haqda da danışıb: "Hər bir məşqçinin özünün futbola baxışı var. Samir Abasov haqda nəsə desəm, düz olmaz. Heç vaxt həmkarlarım haqda danışmağı sevməmişəm. Mən özüm 19 yaşımda "Neftçi"nin heyətində SSRİ çempionatında ilk oyunuma çıxmışam. Samir Abasov həmin gənclərə inanıb və meydana buraxıb". 

 

Yunis Hüseynov "Qarabağ"ın "AEL-i məğlub edərək mərhələ adlayacağını bildirib: "AEL də yaxşı komandadı. Buna baxmayaraq "Qarabağ" Kiprdə üstün futbol oynadı. Ağdam təmsilçisinin qol imkanları oldu, amma dəyərləndirə bilmədilər. Kiprdə bizim komandalara qarşı həmişə təxribat, qərəz olub. Mən "Neftçi"də oynayarkən də Kiprdə eyni halla üzləşmişdik. İnanıram ki, "Qarabağ" Bakıda öz oyunu ilə onların cavabını verəcək. "Qarabağ" minimum iki top fərqi ilə qalib gələcək. Buna yüz faiz əminəm".

Xəbər xətti