"Qarabağ"ın yeni futbolçusu: Stamenkoviç və Subaşiçin dostu, İmmobile və Darmianın tanışı - FOTOLAR

14:13 - 10 Avqust 2021

"Qarabağ"ın yeni transferi Marko Veşoviç böyük ümidlərlə komandaya cəlb edilib. Ötən mövsümün böyük hissəsini zədə səbəbindən boşa verən monteneqrolu futbolçu Ağdam klubuna keçməmişdən əvvəl, son klubu olan “Legiya”da 2020/2021 mövsümündə cəmi 1 oyun keçirə bilmişdi. O da mövsümün 30-cu turunda "Podbeskidze"yə qarşı görüşdə.


Buna qədər isə Veşoviç karyerası ərzində yetərincə yaxşı komandalarda oynamağı bacarıb. 1991-ci il təvəllüdlü futbolçu “Buduçnost”(Podqoritsa) klubunun heyətində peşəkar karyerasına start verib. Onun karyerasına nəzər saldıqda, keçmiş komanda yoldaşları arasında həm populyar, həm də Azərbaycan futbolsevərlərinə tanış futbolçuların olduğunu da görmək mümkündü.



2010-cu ildə 220 min avro qarşılığında "Buduçnost"dan “Srvena Zvezda”ya keçən “Qarabağ”lı burada vaxtilə Azərbaycanda oynamış bir çox futbolçu ilə komanda yoldaşı olub. Üç illik “Srvena Zvezda” karyerası ərzində Marko öncə, hazırda “Sabah”ın qapısını qoruyan Saşa Stamenkoviçlə və millimizin sabiq forvardı Branimir Subaşiçi tanıyıb. Növbəti illərdə isə o, “Bakı”nın sabiq üzvü Nenad Kovaçeviç, “Neftçi”nin qapısını qorumuş Boban Baykoviç və sabiq “Zirə”li Yovan Krneta ilə birlikdə çıxış edib.

Qurban Qurbanovun komandasında görmək istədiyi monteneqrolunun komanda yoldaşları arasında dünya futbolunda yetərincə ünlü olanlar da var. Marko onlarla daha çox İtaliyada, "Torino"da oynadığı vaxtda tanış olub. “Srvena Zvezda”dan “Torino”ya keçsə də, İtaliya klubunda çox oynamaq şansı tapmayıb. "Speziya" və "Riyeka"ya icarəyə verilən futbolçu Xorvatiyaya getməmişdən əvvəl Turində Kamil Glik, Çiro İmmobile, Mateo Darmian, Antonio Noçerino kimi oyunçularla birlikdə oyunlara çıxmaq şansı tapıb.


"Torino"nun heyətində A seriyasında 3, Avropa Liqasında 1 oyunluq macəradan sonra “Riyeka”ya keçmiş Veşoviç Xorvatiyada, bu ölkənin millisinin hücumçusu Andrey Kramariçlə eyni komandada oynayıb.

Monteneqro millisinin də üzvü olan Marko 2013-cü ildə millidə debüt edib. Moldovaya 2:5 hesablı məğlubiyyətin iştirakçısı olan “Qarabağ”ın yeni transferi millidə də “Atletiko”nun üzvü Stefan Saviç, “Herta”nın aparıcı oyunçusu Stevan Yovetiçlə çiyin-çiyinə çıxış edir.

Xəbər xətti