"Bizim məqsədimiz turnir cədvəlindəki yerimiz deyil, daha çox gənclərə şans verməkdi" MÜSAHİBƏ

15:25 - 10 Avqust 2021

"Qarabağ-2"nin baş məşqçisi Cavad Mirzəbəyli Sportal.az saytına müsahibə verib.

 

O, komandasının yeni mövsümə hazırlıqları barədə danışıb:

 

- Yeni mövsümün hazırlığı necə gedir?

- İyun ayının 1-dən məşqlərə başlamışıq. Hazırlığımız Sərhədçi Olimpiya İdman Kompleksində keçirilir. İlk iki həftəni ümumi fiziki hazırlığın yüksəldilməsinə həsr etmişdik. Ondan sonra hər həftənin cümə günü yoxlama oyunu keçiririk. Ayın 15-dən təlim-məşq toplanışımız Şamaxıda davam edəcək. Orada da 3 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. "Qəbələ" ilə iki oyun keçirəcəyik. Birini Qəbələdə, birini Şamaxıda. Toplanışın son günü isə "Sumqayıt"la qarşılaşacağıq.

 

- Ötən mövsümlə müqayisədə heyətdə hansı dəyişikliklər olub?

- Son mövsümlə müqayisədə heyətdə gəncləşdirmə aparırıq. Bütün komandalarda 2000-ci il təvəllüdlü 4 limit oyunçusu oynayacaqsa, bizdə maksimum yaş 2000-ci il olacaq. Həyətdə tam möhkəmlənməsələr də, ötən il əsas komandaya iki futbolçu verdik. Bundan başqa yaşı çox olan futbolçularla müqaviləyə xitam vermişik. Onların əvəzinə komandaya daha gənc oyunçular cəlb etmişik.

 

- Son mövsümü 5-ci pillədə başa vurdunuz. Yeni mövsümdə hədəfiniz nədir?

- "Qarabağ"ın strategiyası elədir ki, bizdən nəticə tələb olunmur. Biz ən gənc kollektivlərdən biriyik. Daha yaşlı futbolçularla oynayıb nəticə qazanmaqdansa, gənclərə üstünlük veririk ki, əsas komandaya, milliyə namizəd olsunlar. Nəticə olaraq da çalışacağıq ki, daha yüksək yerlər uğrunda mübarizə aparaq. Amma bizim əsas məqsədimiz turnir cədvəlindəki yerimiz deyil, daha çox gənclərə şans vermək, akademiyanın oyunçularını yetişdirmək, əsas komandaya futbolçular verməkdir.


- Mövsüm bitəndən sonra neçə oyuncumuz milli komandalara çağırılıb?

- Biz nadir komandalardan idik ki, əsas heyətdə 2003-2004-cü il təvəllüdlü futbolçular oynayırdı. Onlardan 3 nəfər U-19 millisinə cəlb olunub. Bu il biz hətta akademiyamızın U-17 komandasından da əvəzedici heyətə oyunçular cəlb etmişik.

Xəbər xətti