"Neftçi" və Azərbaycan millisinin sabiq üzvü Murad Ağayev Sportal.az saytına müsahibə verib. Ölkəmizdən ayrıldıqdan sonra klubsuz qalan Ağayev Azərbaycandakı karyerasını da xatırlayıb:
- Özünə komanda tapa bilmisən?
- Komanda tapmadım. Açığı, bunun üçün heç çox da axtarış etmədim. Ailəmdən 10 ildir ki, uzaqda yaşayıram. Bu da çox çətindi. Zaman azdı, evdəkilərə, valideynlərə yaxın olmaq, onlara vaxt ayırmaq istəyirəm. Həyatda arzularımdan da vacib şeylər var.
- Bir müddət əvvəl Azərbaycan vətəndaşlığından imtina etdiyin xəbərləri yayılmışdı. Nəyə görə belə qərar verdin?
- Ora qayıtmaq istəyim yoxdu. Bu istək olanda heç bir hərəkət olmadı.
- Son dəfə “Keşlə”də oynadın, amma səni əsas komandada görə bilmədik. Nəyə görə belə oldu?
- “Keşlə” haqda heç xatırlamaq belə istəmirəm.
- Rusiya futbol məktəbinin yetirməsi olsan da, karyeran Azərbaycanla bağlıdı. Azərbaycan futbolu sənə nə verdi, nə aldı?
- Azərbaycan futbolu mənə heç nə verməyib, heç nə də almayıb. Açığı, məndən heç nə də almadı. Sadəcə, böyük təcrübə və böyük təəssüf yaşadım. Deyəsən, bir çox insan üçün xeyirxah olmağa və onlar üçün ən yaxşısını etməyə çalışdım. Bu mənim böyük səhvimdir. Bizim dövrümüzdə xeyirxahlıq və təvazökarlıq dəyərdən düşür.
- AZAL, “Neftçi”, “Sumqayıt”, “Səbail” klublarında oynamısan. Karyerana nəzər saldıqda, sənin üçün ən yaxşı epizod hansı olduğunu görürsən?
- Ən yaxşı an? Bəli, “Sumqayıt”da olmuşdu. Baş məşqçi oyundan sonra yanıma gəldi və mənə deyir ki, “3-4 qol epizodun oldu, qəsdən vurmursan?”. Oyunu 0:1 hesabı ilə uduzmuşduq və bu ciddi sual idi. Psixologiyam buna dözmədi və güldüm. Bu ən yaxşı an idi. Məhz bunu heç vaxt unuda bilmirəm. 9 yaşımdan futbol oynayıram, daima meydana çıxıram ki, komandama kömək edim, burada da baş məşqçi mənə belə söz deyir. Sadəcə olaraq, dəhşət idi.
- Söhbət hansı məşqçidən gedir?
- Kiminsə haqqında pis yazmaq və ya pis şey demək vəzifəm yoxdu. Heç marağım da yoxdu bu məsələdə. Sadəcə siz soruşdunuz, mən də həmin hadisəni xatırladım.
- Berti Foqts baş məşqçi olduğu vaxtda Azərbaycanın əsas millisinə dəvət edilirdin. Səncə, nəyə görə yığmada daimi olaraq qala bilmədin?
- Heç vaxt hər şey həmişə yaxşı olmur. Həyatımızda problemlər qaçılmazdı. O vaxtı yanımda elə bir adam yox idi ki, karyeramın inkişafı üçün nəyisə dəyişməli olduğumu mənə desin. Əgər sizin yanınızda elə adam varsa, ondan bərk-bərk yapışın.
- Azərbaycan çempionatındakı enişi nə ilə əlaqələndirirsən?
- Eniş getdiyini düşünmürəm. Sadəcə çempionatda rəqabət çatışmır. Liqada daha çox komanda olmalıdı. Ölkə çempionatı inkişaf etmir.
- Sənin üçün özgə olmayan, “Neftçi” hazırda Avropa Liqasında qruplara qalmaq üçün mübarizə aparır. Necə düşünürsən, onlar bunu bacaracaq?
- “Neftçi”də yeni komanda formalaşır. Hər şeyin əvvəlindədilər. Əgər qrupa düşsələr, bu onlar üçün böyük uğur olacaq.