Qurban Qurbanov: "İnanmıram ki, Kerkez belə tapşırıq versin"

18:26 - 11 Avqust 2021

Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – AEL(Limassol) matçından əvvəl keçirilən mətbuat konfransında Qurban Qurbanov çıxış edib. Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi öncə, sabah tərəflər arasında keçiriləcək cavab qarşılaşması haqda fikirlərini bildirib: 

“Sabah bizim üçün çox vacib oyun olacaq. Rəqibin gücünü səfərdə də gördük. Həqiqətən topla oynamağı çox sevirlər, hücumlara sürətli çıxırlar. AEL-in heyətində 11 legioner var idi. Bildiyim qədərilə 20-dən çox legionerləri var, oyunçu bazası çoxdu. Buna baxmayaraq, biz öz doğma meydanımızda oynayırıq. Bu da bizim üçün üstünlükdü. Amma rəqibə çox ciddi yanaşmalıyıq. Çünki rəqib istədiyi an, boşluq gördüyü an, istənilən rəqibi cəzalandıra bilər. Oyunboyu diqqətli olmalıyıq. İnanıram ki, futboçularım sabah meydanda əsl döyüşçü və peşəkar kimi mübarizə aparacaqlar. 

- Səfərdə matçın sonlarında təxribat oldu deyə, ilk oyunla sabahkı oyun arasında hansısa fərqlər olacaq?
- Xoşagəlməz hallar oldu. Hər birimizə təsir etdi, həm futbolçulara həm də bizə. Amma oyundan sonra demişdim ki, idman prisniplərindən çıxmalı deyilik. Yazıları oxuyuram, azarkeşlər oyunu səbirsizliklə gözləyirlər. Aqressiv olanları var, hansısa formada cavab vermək istəyirlər. Amma bu idmandı. Bütün futbolçular və məşqçilərin fikri də oyunda olmalıdı. Orada səhv etməməliyik, özümüzü doğru idarə etməliyik. Biz həmişə azərbaycanlı olaraq, çoxlarından fərqlənmişik. Komanda, rəhbərlik, azarkeş olaraq mədəniyyətimizi göstərmişik. Elə böyük səhvlər olub ki, bəlkə də böyük uğurları itirmişik. Əsəbləşmişik, hiddətlənmişik, amma mədəniyyət göstərmişik. Mədəniyyətimizi qoruyub-saxlamışıq. Sabah bir olmalıyıq, bütün fikrimiz oyunda olmalıdı. Meydana çıxan futbolçulardı. Amma digər xoşagəlməz halları yaşadanlar azarkeşlərdi. Oradakı matçda təxribat xarakterli idi, bununla dəfələrlə rastlaşmışıq. Hər bir halda böyük azarkeş dəstəyinə malik komandayıq. Bunu həmişə görmüşük. İnanıram ki, sabah yaxşı dəstək olacaq. Hamımız bir olub, yaxşı nəticə qazanmağa çalışacağıq.

- Kiprdəki halların sabah təkrarlanmaması üçün azarkeşlərə nə tövsiyyə edirsiz?
- Xalq olaraq belə hallarla çox üzləşmişik. Həmişə də mədəniyyətimizi də göstərmişik. Sabah da azarkeşlərimiz bunu göstərəcək. Mənə elə gəlir ki, pis çıxar tövsiyyə verməyim, sanki ağıl vermiş kimi görünürəm. Azarkeşlər fərqlidi, bəzisi oyundan həzz, bəzisi rəqiblə atışmadan. Ümumi olaraq, özüm xoşlamıram ki, kimsə məni nalayiq ifadələr işlətsin. Çünki futbolçuların işi meydandadı. Basqı, fitə basmaq, onları həyəcanlandırmaq olub, olmalıdır da. Amma azərbyacanlı olaraq mədəniyyət göstərməyə çalışacağıq. Sabah da bunu bacaracağıq. 

- Rəqib baş məşqçi ilə səfərdəki matçdan sonra hansı dialoqunuz oldu? 
- Duşan Kerkez özünü çox centlemensayağı apardı. Bizə yaxınlaşdı, futbolçularla maraqlandı. Köməkçiləri də həmçinin. Oyun başlayandan da baş məşqçi tərəfdən hörmətlə qarşılandıq. Aramızda dialoq oldu, əvvəlki ilərdən də danışdıq. Komandamı bəyəndiyini də bildirdi. Məşqçi tərəfdən hörmətsizlik görmədim. Mənim üçün xoş oldu. 

- Azarkeşlər ilk oyundakı təxribata görə, sabahkı matçda “Qarabağ”dan daha çox qol gözləyir...
- Ən çox qorxduğum məsələ də elə budu. Ki, biz nəticəni azarkeş təxribatına cavab olaraq düşünürüksə, o zaman yalnış addım atmış olarıq. Çünki bizə iki oyunun qalibi olmaq lazımdı. Bu psixoloji durum futbolçularıma mane törədə bilər. Əgər təxribata görə rəqibə çox qol vurmağı düşünürüksə, demək ki, rəqibi yaxşı analiz etməmişik, tanımamışıq. Bu günlərdə futbolçularda apardığım söhbətlər, daha çox bu yöndə olub. Meydandan kənarı eşitməməliyik, yalnız meydandakı işimizə konsentrasiya olmalıyıq. Düşünməliyik ki, problemlərimiz var və bunun necə aradan qaldıra bilərik.

- Rəqibin özündən necə, təxribat gözləyirsiz? 
- İnanmıram. AEL aqressiv komandadı. Ümumiyyətlə, yunan və Kipr komandaları aqressiv olur. Bunun təxribatla əlaqəsi yoxdu. Bəzi oyunçuları aqressiv ola bilər. Səfərdəki matçda da bu hiss olunurdu. Hələ həmin təxribat olmamış bunu hiss edirdik. Amma rəqibin heyətində kiprli yox idi, hamısı legionerlər idi. Ki, onların da hamısından nəticə tələb olunur. İnanıram ki, daha yaxından tanıdığım Duşan Kerkezin komandası hansısa təxribata getsin. Çünki onun oradakı mədəniyyətini və futbola baxışını gördüm. Yenə deyirəm, inanmıram ki, Kerkez futbolçularına təxribat törətməyi tapşırsın.

Xəbər xətti