AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov Sportal.az saytına müsahibə verib:
- Rəhim Həsənovla Orxan Məmmədovun gənc yaşda karyeralarını bitirməyinə necə baxırsız?
- Hər ikisinə çox pis baxıram. 38 yaşında hakimin karyerasını bitirməsi Hakimlər Komitəsi üçün biabırçılıqdı. Byörn Kuypers 48 yaşında Avropa çempionatının finalını idarə etdi, İngiltərə Premyer Liqasında hakimlər 51-52 yaşında oyunlara çıxır. 5-10 santimetrə görə Rəhim Həsənov kimi hakimi işindən iyrəndirmək biabırçılıqdı. O ki, qaldı Orxan Məmmədovla Ömər Paşayevin hakim-inspektor getməsinə, hesab edirəm ki, bu da düzgün deyil. Onlar inspektorluq üçün tam yetişməyiblər. Hələ hakim kimi tam püxtələşməmişdilər.
- Sizə elə gəlmir ki, Fritz Ştuxlik sizin üzə çıxardığınız hakimləri sıradan çıxarır?
- Ştuxlik tək deyil. Ona bu işdə qol-qanad verənlər var. Əlbəttə məqsəd odu. Başqa iş görmürlər, ancaq onu bacarırlar. Bu da bir siyasətdi. İstəyirlər sonra desinlər ki, bizim yetişdirdiyimiz hakimlər uğurlu çıxış edirlər.
- Sizin dövrünüzdə parlayan Əliyar Ağayev də son vaxtlar oyunlarda az görünür...
- İmkanları olsa, Əliyar Ağayev ümumiyyətlə görünməz. Öz kadrlarını hazırlayıb göstərmək istəyirlər ki, Əliyardan yaxşı hakimlər var. Birincisi onlar Əliyar Ağayevin dırnağı da ola bilməzlər. İkincisi də yetişdirdikləri hakimi Konfrans Liqası oyununda gördük.
- Rəhim Həsənov müsahibəsində dedi ki, Fritz Ştuxlik bildirib ki, daha bizə gənc hakimlər lazımdı. Bu fikrə münasibətiniz necədi?
- Rəhim Həsənov özü gəncdi. Hakimlər 40-45 yaş arasında müdrikləşir. 38 yaş hakimlik üçün çox nə yaşdı ki?
- Ştuxlik hakimlərə ingilis dilini bilməməyi irad tutur. Buna görə də onlara Premyer Liqada oyun vermir...
- FIFA referiləri ingilis dilini bilməlidi. Amma milli çempionatın oyunlarını idarə edən hakimlər üçün o qədər də vacib deyil. İnsanları hakimlikdən iyrəndirməsin. Orxan Məmmədova da az təyinat verməklə uzaqlaşdırdılar. Hakim hər həftə iş başında olmalıdı. Bunu mən demirəm, UEFA-da Hakimlik Konvensiyasının kuratoru olan şotlandiyalı Makdonalds demişdi.
- Görəsən Ştuxlik özü ölkəmizdə olduğu müddətdə Azərbaycan dilində nəsə öyrənə bilib?
- Ona Azərbaycan dili lazım deyil. Bəlkə də öyrənib, deyə bilmərəm. Mənim onunla heç bir görüşüm olmayıb, ünsiyyətdə olmamışam.
- Sizcə Ştuxlik Hakimlər Komitəsinə sədr təyin olunandan sonra hər hansı dəyişiklik olub?
- Protokolun elektron varianta keçməyindən başqa heç nə dəyişməyib. Bir-bir hakimlər uzaqlaşdırılır. Yeni gələnləri də görürük. İndiki cempionatla 8 il əvvəlki çempionatın səviyyəsi eynidi? İndiki hakimlər həmin dövrdəki oyunları idarə edə bilərlər? Sənədləşmələr dəyişib, vəssalam. Hakimliyin inkişafından söhbət gedə bilməz. Dəyişiklik olsaydı, Əliyar Ağayev indi Çempionlar Liqası oyunlarını idarə edərdi. Ancaq özlərini fikirləşirlər. Əliyar Ağayev üçün nə ediblər? Onu da bezdirərlər, o da gedər yəqin ki.
- Dünən AFFA-da görüş keçirilib. 2022-ci ildən Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunması gözlənilir. Bu barədə nə deyə bilərsiz?
- Lap yaxşı, olsun. Kim istəməz ki? Amma bu çox çətin prosesdi, vaxt lazımdı.
-Sizin VAR sistemi barədə fikriniz nədi?
- Bu, çox geniş mövzudu, fikirlər haçalanır. Bəzi epizodlarda haqqı yeyilən komanda üçün ədalət bərqərar olunur. Amma VAR futbolun gözəlliyinə xələl gətirir. Hətta elə epizodlar olur ki, VAR-da oturanlar düzgün qərar verə bilmir. Bu sistemə münasibət birmənalı deyil.
saytlarin hazirlanmasi