"Neftçi"nin evdə heç-heçə oynayıb, səfərdə mərhələ adladığı oyunlar - STATİSTİKA

14:40 - 12 Avqust 2021

Bu gün “Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK-lə cavab qarşılaşmasına çıxacaq. Sportal.az xəbər verir ki, “ağ-qaralar” pley-off mərhələsinə vəsiqə qazanmaq üçün Finlandiyada rəqibinə qalib gəlməlidi. Bu ya 90, ya 120 dəqiqədə, ya da penaltilərlə olmalıdı. İndiyə kimi “Neftçi” avrokuboklar çərçivəsində ilk oyununda evdə heç-heçə eib, səfərdə mərhələ adladığı az oyunlar olub. Sportal.az olaraq məhz bu barədə statistik məlumatı oxuculara çatdıracağıq. 

1995/1996 mövsümü Kuboklar Kuboku

“Neftçi” – APOEL 0:0
APOEL – “Neftçi” 3:0

“Neftçi” Kuboklar Kubokunda APOEL-lə ilk oyunu evdə keçirib. “Ağ-qaralar” Bakıda kiprlilərlə 0:0 oynaya bilib. Bundan sonra “flaqman”ın növbəti mərhələyə adlamaq şansı bir az artsa da, Kiprdəki görüş təmsilçimizin istədiyi kimi alınmayıb. Belə ki, Nikosiya təmsilçisi Antonis Antoniu, Giannos İannounun(2) vurduğu qollarla “Neftçi” səddini keçmişdi.



2000/2001 UEFA kuboku

“Neftçi” – HİT Qoritsa 1:0
Hit-Qoritsa – “Neftçi” 3:1

Kazbek Tuayevin çalışdırdığı komanda Avropa Liqasının təsnifat mərhələsində Sloveniyadan olan rəqibinə Bakıda 1:0 qalib gələ bilmişdi. Bu hesab bakılıların səfər görüşündə növbəti mərhələyə adlaması üçün ümid versə də, Sloveniyadakı matçda buraxılan 3 qol “Neftçi”ni avrokuboksuz qoymuşdu. 



2004/2005 mövsümü Çempionlar Liqası

"Neftçi" - ÇSKA (Moskva) 0:0
ÇSKA(Moskva) - "Neftçi" 2:0

“Neftçi”nin 2004/2005 mövsümündə güclü heyətə malik olması, avrokuboklarda da uğurlu çıxış edəcəyinə ümid verirdi. Çempionlar Liqasının 1-ci mərhələsində "Şiroki Briyeq" səddini keçən “Neftçi” üçüncü mərhələyə yüksəlmək üçün ÇSKA(Moskva) ilə qarşılaşırdı. İsrailli hakim Asaf Kənanın idarə etdiyi Bakıdakı matçda güclü və adlı-sanlı rəqibilə 0:0 oynayan təmsilçimiz Moskvaya ümidlərlə yollanmışdı. Rusiya paytaxtında keçirilən matçda Valeri Qazzayevin rəhbərlik etdiyi komandaya qələbə gətirən qolları Rolan Qusev və Vaqner Love vurmuşdu. Halbuki buna qədər "Neftçi"nin də hesabı açmaq və üçüncü mərhələyə adlamaq şanslarını yüksəltməsi üçün qol imkanları var idi. Lakin alınan yenilgi "Neftçi"nin Çempionlar Liqasında irəliləməsinə mane olmuşdu.



2012/2013 Avropa Liqası

"Neftçi" - APOEL 1:1
APOEL - "Neftçi" 1:3

Bu oyuna qədər "Neftçi" evdə heç-heçə oynadıqdan sonra, heç vaxt səfərdə mərhələni gətirən nəticəni əldə edə bilməmişdi. Ta ki, 2012/2013 mövsümünün Avropa Liqasının pley-off görüşünə qədər. “Neftçi” Nikosiya klubu ilə "Dalğa Arena"da 1:1 oynamışdı. Mahir Şükürovun penaltidən 82-ci dəqiqədə vurduğu qola, bir dəqiqə sonra Selim Benaşur cavab vermişdi. Böyükağa Hacıyevin komandası səfər görüşündə daha ağır şərtlər altında oynayaraq güclü rəqibinə 3:1 hesabı ilə qalib gəlib AL-in qrupuna vəsiqə qazana bilmişdi. 



2013/2014 mövsümü Çempionlar Liqası

"Neftçi" - "Skenderbeu" 0:0
"Skenderbeu" - "Neftçi" 1:0 (əlavə vaxtda)


Əslində “Neftçi” “Skenderbeu” ilə görüşlərin favoriti hesab edilirdi. Ehtimal olunurdu ki, “ağ-qaralar” ikinci mərhələni keçərək növbəti mərhələyə vəsiqə qazanacaq. Evdə Albaniya klubu ilə 0:0 oynayan “Neftçi” səfərdəki matçın 116-cı dəqiqəsində Nuredin Orelesinin qoluna mane ola bilməyərək ÇL-dəki çıxışını başa vurmuşdu. 



2014/2015 Avropa Liqası

“Neftçi” – “Çixura” 0:0
“Çixura” – “Neftçi” 2:3

Avropa Liqasının üçüncü mərhələsində “Çixura” ilə üz-üzə gələn “Neftçi” Bakıda rəqibinə qalib gələ bilməmişdi. “Baksel Arena”dakı matçdan fərqli olaraq “ağ-qaralar” Gürcüstanda daha inamlı oynayaraq rəqibini məğlub edə bilmişdi. Mixail Mesxi stadionunda Ernest Nforun het-triki ilə “Çixura” səddini keçən “Neftçi” pley-off mərhələsində “Partizan”a uduzaraq ikinci dəfə AL-in qrupuna düşmək imkanını əldən vermişdi. 


2015/2016 mövsümü Avropa Liqası

"Neftçi" - "Mladost"(Podqoritsa) 2:2
"Mladost" - Neftçi" 1:1

Bu mövsümdə daha çox yerli oyunçulardan qurulmuş heyətlə mübarizə aparan “Neftçi”də baş məşqçi postunda isə Samir Əliyev yer almışdı. Komandanın birinci mərhələdəki rəqibi Monteneqroun “Mladost” klubu idi. Evdə rəqibi ilə 2:2 oynayan “ağ-qaralar" Podqoritsadakı görüşdə növbəti mərhələyə yüksəlməyə yaxın olsa da, 90-cı dəqiqədə İvan Vukoviçin qoluna mane ola bilməyərək avrokuboklardakı çıxışını yekunlaşdırmışdı. 


2016/2017 mövsümü Avropa Liqası

"Neftçi" - "Şkendiya" 0:0
"Şkendiya" - "Neftçi" 1:0

Vəli Qasımovun rəhbərlik etdiyi komandanın bəxtinə püşkatmada yetərincə mübariz komanda düşmüşdü. “Şkendiya” Bakıdakı matçda da təmsilçimizə çətin anlar yaşada bilmişdi. Lakin paytaxtımızdakı görüş 0:0 hesabı ilə nəticələnmişdi. Ki, bu da “Neftçi”nin Şimali Makedoniyadakı matçda uğurlu nəticə qazanmaq şanslarını az da olsa artırırdı. Ancaq Skopyedə rəqibinə 0:1 hesabı ilə uduzan “ağ-qaralar” avrokuboklardakı çıxışına ikinci mərhələdəcə son qoydu.



2019/2020 Avropa Liqası

"Neftçi" - "Bney Yehuda" 2:2
"Bney Yehuda" - "Neftçi" 2:1

Komandanın HİK-lə oyununu çıxmaq şərtilə bugünki günə qədər, avrokuboklar matçında evdə heç-heçə oynadığı görüş “Bney Yehuda”ya qarşı olan matçdı. İsrail klubu ilə görüşdən əvvəl cütün favoriti hesab edilən “Neftçi” paytaxtdakı görüşdə, hesabda 0:2 geri düşsə də, sonradan 2 qol vuraraq İsrailə yollanmışdı. Roberto Bordinin rəhbərlik etdiyi komanda Petak-Tikvada oynanılan görüşdə "Neftçi"yə 90-cı dəqiqədə Emin Mahmudovun penaltidən vurduğu qol da kömək olmamışdı.



​Statistika “Neftçi”nin avrokuboklarda evdə heç-heçə etdikdən sonra növbəti mərhələyə vəsiqə qazandığı oyunların az olduğunu göstərir. Amma ümid edək ki, bu dəfə təmsilçimiz evdə 2:2 oynasa da Finlandiyada HİK səddini keçərək Avropa Liqasının pley-off mərhələsində “Fənərbaxça”ya rəqib olacaq.

Xəbər xətti