"Qalatasaray"ın sabiq üzvü: "Neftçi"yə transferimi dünən kimi xatırlayıram, unudulmaz günlər idi" - MÜSAHİBƏ

15:45 - 12 Avqust 2021

“Neftçi”nin sabiq futbolçusu Suat Usta Sportal.az saytına müsahibə verib. Niderlandda dünyaya göz açan veteran futbolçu PSV-nin yetirməsidi. Eyndhoven klubu ilə yanaşı karyerası ərzində “Qalatasaray”, “Konyaspor”, “Antakyaspor” kimi klublarda oynamış Usta 2008-2010-cu illərdə “Neftçi”də oynayıb.

- Futbolçu karyeranı başa vurduqdan sonra hazırda nə işlə məşğul olursan?
- Futboldan sonra ticarətlə maraqlanmağa başladım. Lakin “xəstəliyimiz” futbol olduğu üçün təkrar futbola qayıtmağa qərar verdim. İndi futbol meneceri kimi işləyirəm. 

- İndiyə qədər heç Azərbaycan klublarına futbolçu təklif edib və ya azərbaycanlı futbolçu ilə çalışmısan?
- Xeyr, indiyə qədər Azərbaycan klublarına futbolçu vermək nəsib olmayıb. Amma Azərbaycandan, xüsusilə də “Neftçi”dən türk klublarına söylədiyim futbolçular olub. Çünki Azərbaycanda bir çox istedadlı futbolçu var ki, Türkiyəyə gəlib, buradan da Avropaya gedəcək potensiala sahibdi. Bəyəndiyim futbolçu Namiq Ələsgərovdu.

- Səncə, nəyə görə azərbaycanlı oyunçular digər ölkə klubları üçün çox da maraqlı gəlmir?
- Çünki yeni-yeni Avropada xal toplamağa, təzə-təzə Avropada komandaların diqqətini çəkməyə başlamısınız. Heç nə birdən-birə olmur. Azərbaycan çempionatı nə qədər yaxşı səviyyədəd keçirilərsə, orada yetişən futbolçular o qədər yaxşı oynayar və Azərbaycan gənclərindəki olan istedad daha yaxşı şəkildə üzə çıxar. Məhz bunu bacara bilsək, o zaman Azərbaycan futbolçularının istedadlarını ən üst səviyyəyə çıxarıb, Avropaya satmaq mümkündü. Yalnız istedad bəs etmir, həmin istedadı ortaya çıxaran məşqçi, çempionat, uşaq futbolu lazımdı. Bunlar olandan sonra əminəm ki, Azərbaycandan Avropada daha çox futbolçu gedəcək.

- Azərbaycan futbolu, çempionatını necə xatırlayırsan? “Neftçi”yə transferin yadındadı?
- Bizim orada olduğumuz zamanlar hər şey daha fərqliydi. İndi futbol daha fərqlidi. Məncə, indi Azərbaycan liqası daha yaxşı səviyyədədi. Bu Azərbaycan komandalarının Avropada göstərdiyi performansdan bəllidi. “Qarabağ” bunun çox gözəl örnəyidi. Əlbəttə ki, xatırlayıram, dünənki kimi xatırlayıram. Amma “Neftçi”yə transferimi danışmağım üçün, bu müsahibə bəs etməz. Ali Cansun və Levent Kartopla görüşdüyümüz zaman həmin günləri xatırlayırıq.

- Hansı matç, hansı an sənin üçün daha unudulmaz olaraq qalıb?
- Təbii ki, o vaxtı “Xəzər Lənkəran” - “Neftçi” böyük derbiydi. “Xəzər Lənkəran”la Bakıdakı görüşdə Ali Cansunun vurduğu qolla qazandığımız matç unudulmayan matçlardandı. Vallah, Azərbaycanla bağlı xatirələrimiz çoxdu. Orada 2 il qaldım, çox gözəl günlər yaşadım.

- “Neftçi”  7 il sonra çempionluğu qazandı və bu gün onlar Avropa Liqasında pley-off mərhələsinə düşmək üçün HİK-lə cavab oyununa çıxacaq. Səncə, “Neftçi” qruplara qala biləcək?
- Bəli, illər sonra “Neftçi” çempion oldu, onları və azarkeşləri təbrik edirəm. Əlbəttə ola bilər, niyə də olmasın? Bu cür matçlarda hər şey ola bilər. Belə oyunlarda konsentrasiya yüksək səviyyədə olarsa, qarşındakı istənilən rəqibi məğlub edə bilərsən. Ona görə də “Neftçi”nin növbəti mərhələyə adlayacağını düşünürəm.

- “Neftçi” matçlarından birini canlı izləmək üçün heç Bakıya gəlməyi planlaşdırmısan? “Neftçi”nin səni unutduğunu düşünmürsənki?
- Əslində yenidən Bakıya gəlməyi düşünürəm. Sadəcə vəziyyət imkan vermədi. “Neftçi”yə indiyə qədər futbolçu təklif etməmişəm. Amma təbii ki, bunu etmək istəyərdim. Bu komandaya istənilən mövzuda kömək olmağa hazıram. İstər futbolçu, istər skaut məsələsində. Nəticədə oranın çörəyini yemişik. 
“Neftçi”nin məni unutduğunu düşünmürəm. Çünki gördüyünüz kimi siz də “Neftçi”də oynamış Suat Usta kimi mənimlə müsahibə edirsiniz. Bu da deməkdir ki, azarkeşlər “dəli ürək” ləqəbli Suat Ustayı unutmayıb. Amma mən və dostlarım görüşəndə, “Neftçi”dəki günlərimizdən danışırıq, biz də Azərbaycanı, “Neftçi”ni, azarkeşlərini unutmamışıq.

Xəbər xətti