"Belarusda oynadıqdan sonra, daha yüksək səviyyəli liqalara getmək istəyirəm" - MÜSAHİBƏ

12:10 - 25 Avqust 2021

Azərbaycan millisinin sabiq üzvü Ruslan Qurbanov özünə yeni komanda tapıb. Ötən mövsümü “Zirə”də keçirmiş futbolçu Belarusun “Slaviya Mozır” klubu ilə anlaşıb. Sportal.az saytına müsahibə verən Qurbanov Belarus klubuna keçidi haqda danışıb:

- “Slaviya Mozır”la müqavilə imzalamısan. Bu komandaya keçidin necə alındı?
- Agentim dedi ki, Belarusun yüksək liqa klubundan təklif var. Mən də razılaşdım və özümü göstərmək üçün bura gəldim. Əsas odur ki, baş məşqçi və rəhbərlik məndən razıdı. Bu isə futbolçu üçün çox önəmlidi.

- Maraqlıdı, başqa təkliflərin var idi, yoxsa yalnız “Slaviya”dan dəvət almışdın?
- Təkliflərim az deyildi. Hətta deyərdim ki, çox idi. Ancaq hamı Rusiya pasportu ilə oynamağımı istəyirdi. Çünki Azərbaycan pasportu ilə Rusiyada legioner hesab edilirdim.

- Yeni klubunun təklif etdiyi aylıq maaş Azərbaycan klublarında aldığından çox fərqlənir?
- Mənim üçün maddi məsələ hələ ki,o qədər də önəmli tərəf deyil. Oynayıb, daima formada olmaq istəyirəm. Belədə, maaş məsələsi də o qədər çox fərqlənmir. Burada da Azərbaycandakı kimidi. Elə klublar var ki, maddi durumları daha yaxşıdı.

- Hazırda komandan turnir cədvəlinin 14-cü pilləsindədi. Bu vəziyyətdən çıxmaq mümkün olacaq, yoxsa çətin görünür?
- Qarşıda hələ 11 tur var. Ona görə də bu vəziyyətdən çıxacağımıza inanıram. Məndən asılı olan hər şeyi edəcəm, meydanda bütün gücümü qoyacam. Mövsüm sonunda isə nəticənin yaxşı olacağına ümid edirəm.

- Belarusdakı məqsədin nədən ibarətdi? BATE, “Dinamo”(Brest), “Dinamo”(Minsk), “Şaxtyor”(Soliqorsk) kimi komandalara keçmək?
- Öncə mən öz komandam haqda düşünürəm. Komandam üçün xeyirli olmaq istəyirəm. Gələcəkdə necə olacağını, yaşayıb görərik. Belarusda oynadıqdan sonra, daha yüksək səviyyəli liqalara getmək istəyirəm. Özümə çox inanıram.

- Səni artıq qarşıdakı turda, “Slutsk”la görüşdə meydanda görə bilərik?
- Hazırda fiziki durumum istədiyim kimi deyil. 4 gün sonra oyunumuz olacaq. Əgər baş məşqçi 15-20 dəqiqə oynamaq imkanı yaradarsa, bəs edəcək. Çünki bundan sonra 2 həftəlik fasilə var və həmin vaxtda tam olaraq hazır olacam.

- Belarusda oynayaraq Azərbaycan millisində dəvət olunmaq mümkündü?
- Buna çox inanıram. Azərbaycan millisinə qayıtmaq istəyirəm. Yenə deyəcəm, mən orada heç kimdən zəif deyiləm. Avropada oynayıram və millidən təklif gözləyəcəm. Baş məşqçi mənə iş başında baxmalıdı və heç olmasa 1 dəfə şans verməlidi. Ümid edirəm ki, Canni De Byazi mənə dəvət göndərəcək.

Xəbər xətti