17 yaşlılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Sportal.az saytına müsahibə verib:
- Bosniya və Herseqovinadakı təlim-məşq toplanışı necə keçdi?
- Bir az uzun yol qət elədik, təxminən 16 saat yolda olduq. Ayın 16-sı ora çatdıq, meydan sahibləri ilə iki yoxlama oyunu keçirdik. 17-si oyunumuz oldu. İlk oyun günü komandada yol yorğunluğu var idi. Buna baxmayaraq oyunumuz pis alınmadı. 18-i baş tutan ikinci matçda istədiyimizin 80 faizini ala bildik. Bütün komponentlərdə daha keyfiyyətli idik. Oyun ərzində xeyli qol epizodlarımız oldu, yararlana bilmədik. Rəqibə isə qol epizodu vermədik. Ümumi olaraq futbolçulardan razı qaldım.
- Rəqib haqda nə deyə bilərsiz?
- Bosniya və Herseqovina haqda nəsə deməyə ehtiyac yoxdu. Əsas komandanın oyununu görəndən sonra digər yaş qrupları üzrə komandalarına qiymət vermək olur. Həm fiziki, həm atletik baxımdan çox yaxşı komandadı.
- Pandemiyaya görə aşağı yaş qrupları üzrə ölkə çempionatlarının keçirilməməsi milli komandaya təsir edir?
- 100 faiz. Artıq iki ilə yaxındı çempionatlar keçirilmir. Ən böyük problem odu ki, futbolçular evdən toplanışa, toplanışdan evə gedir. Futbolçular toplanışa həm fiziki, həm mental, həm taktiki olaraq sıfır vəziyyətində gəlir. Çempionatlar olsaydı indiki durumdan daha yaxşı komanda görərdik.
- Baş məşqçi olaraq bununla bağlı hər hansı təklifiniz var?
- Bu barədə federasiyadan məlumat alırıq. Yaxın vaxtlarda çempionatları bərpa etmək barədə düşünürlər. Ümid edirəm seçmə mərhələ başlayana kimi çempionat start götürər, futbolçular 3-4 tur oynayarlar. Bəhanə kimi olmasın, sıxıntı çoxdu. Oyunçular iki il ərzində çox geri düşüblər.
- Seçmə mərhələyə kimi yoxlama oyunu nəzərdə tutulur?
- Bəli. Sentyabrın 3-6-sı arası Bakıda Türkiyə ilə oynayacağıq. 23-25-i isə Belarusu qəbul edəcəyik. Ondan sonra da seçmə mərhələ oyunları üçün Belçikaya yola düşəcəyik.
- Əvvəlki müsahibədə demişdiz ki, rəqiblərin oyunları tapa bilmirik. İndi vəziyyət necədi?
- Çox çətinlik çəkirik. Hələ ki, rəqiblərin yeni oyunları əlimizdə yoxdu. Hazırda axtarırıq. Köhnə oyunları var. Amma bu yaş elədi ki, futbolçuların keçid dövrüdü, inkişaf edirlər.
saytlarin hazirlanmasi