Azərbaycanda indiyə qədər 3 fərqli klubda oynamış Deyvid Derlis Meza Kolli Sportal.az saytına müsahibə verib. “İnter”(indiki “Keşlə”), “Qəbələ” və “Neftçi”nin formasını geyinmiş paraqvaylı hazırda Rumıniyada “Arges” klubunda çıxış edir. Saytımıza müsahibə verən 33 yaşlı futbolçu Azərbaycandakı karyerasını xatırlamaqla yanaşı, qardaşı Sezar Meza Kollinin “Neftçi”dəki çıxışına toxunub:
- 2021/2022 mövsümünün “transfer pəncərəsi” açılan kimi sənin Azərbaycana qayıdacağın, “Keşlə”yə keçəcəyin deyilirdi. Nəyə görə bu geridönüş baş tutmadı?
- Azərbaycana dönmək üçün hər zaman variant var. Düşünürəm ki, orada yaxşı imicim formalaşıb. Hazırda mən ailəmlə birlikdə Rumıniyada özümüzü xoşbəxt hiss edirik. İndi bütün fikrim klubumdakı məqsədlərə yönəlib. Daha bir neçə il oynamaq məqsədim var. Gələcəkdə necə olacağını görəcəyik.
- Ola bilər ki, qışda Azərbaycana qayıtdın?
- Gələcəkdə nəyin necə olacağını deyə bilmərəm. İndi Rumıniyada oynayıram. Artıq üçüncü ildir ki, buradayam. Özümü də çox yaxşı hiss edirəm.
- Azərbaycanda birdən-birə 3 klubda çıxış etmisən, “İnter”, “Qəbələ” və “Neftçi”də. Hansı komandada unudulmaz anların daha çoxdu?
- Unudulmaz anlar çoxdu və hamısında da var. “İnter”də oynadığım vaxtı biz çox yaxşı çıxış edirdik və 2 dəfə ikinci pilləni tutmuşduq. “Qəbələ”də olduğum müddətdə biz Avropa Liqasının qrup mərhələsində oynamışdıq. “Neftçi”də isə daha çətin il alınmışdı. Bütün çətinliklərə baxmayaraq, biz mövsümü üçüncü pillədə başa vuraraq, komandanın Avropa Liqasının təsnifat mərhələsində oynamasına nail olmuşduq. Ümumiyyətlə, mən Azərbaycanda özümü evimdəki kimi hiss edirdim. Buna görə də hər bir klubda mənə baş məşqçilik və rəhbərlik edənlərə təşəkkür edirəm.
- Qardaşının “Neftçi”dəki çıxışını izləyirsən? Hazırda yeni komandasında 10 nömrəli futbolkanı daşıyır..
- Əlbəttə, onu izləyirəm. Sezarın bir neçə matçını görmüşəm və düşünürəm ki, o, “Neftçi”də yaxşı oynayır. Ümidvaram ki, Sezar digər komandalarda olduğu kimi “Neftçi”də də yaxşı oynayacaq. Bilirsiz, əgər Sezarın dəstəyi və inamı oldusa, o, əla oyunçudu, əla oynayır. Mənə görə ən güclüsüdü(gülür).
- Yeri gəlmişkən, “Neftçi” Konfrans Liqasının pley-off mərhələsini uğurlu keçmək üçün “Makkabi” səfərində sərfəli nəticə qazanmalıdı. Necə düşünürsən, Sezarın komandası bunu bacaracaq?
- “Neftçi” “Makkabi”yə qarşı Bakıda 3:3 oynayıblar. Düzdü, “Neftçi”nin “Olimpiakos” və “Dinamo” ilə oyunlarını izləmişəm. İstənilən halda komandanın yaxşı oynadığını düşünürəm. Onlara “Makkabi” ilə cavab oyununda da uğurlar arzulayıram. Ümid edirəm ki, İsraildə uğurlu nəticə qazanaraq qruplara qalarlar.