Samir Musayev: "Neftçi" Bakıdakı oyunda böyük üstünlüyü əldən verdi"

21:03 - 25 Avqust 2021

Sabah iki klubumuz - “Qarabağ” və “Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. “Qarabağ” səfərdə “Aberdin”, “Neftçi” isə səfərdə “Makkabi” (Hayfa) ilə qarşılaşacaq.

 

Vacib qarşılaşmalardan öncə veteran futbolçu, hal-hazırda “Qarabağ”ın aşağı yaş qruplarında məşqçi çalışan Samir Musayevin fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən mütəxəssis klublarımızın çətin sınaq qarşısında olduğunu dedi:

 

“Neftçi” Bakıdakı oyunda böyük üstünlüyü əldən verdi. İsmayıl Zülfüqarlının qırmızı vərəqə alması komandanı çətin vəziyyətə saldı. Bir tərəfdən “Makkabi” güclü rəqibdir, digər tərəfdən “Neftçi”nin heyətində ciddi itkilər var. Ona görə də, açığı, “Neftçi”nin şanslarını yüksək görmürəm.

 

“Qarabağ”a gəlincə, Ağdam klubunun da rəqibi güclüdü. Bakıdakı oyunda qazonun bərbad olmasına baxmayaraq, “Qarabağ” lazım olan nəticəni qazandı. Həm də bilirik ki, Qurban Qurbanovun komandası səfərdə daha yaxşı oynayır. Bu baxımdan “Qarabağ”ın qrup mərhələsinə düşmək şanslarını daha yüksək qiymətləndirirəm”.

 

Qeyd edək ki, Bakıdakı oyunlarda “Neftçi” “Makkabi”ilə 3:3 hesablı heç-heçə etmişdi, “Qarabağ” isə “Aberdin”i 1:0 hesabı ilə rəqibini məğlub etmişdi.

Xəbər xətti