"Qarabağ"dan ayrıldıqdan sonra Azərbaycana qayıda bilərdim, “Qəbələ”dən təklifim var idi" - MÜSAHİBƏ

14:34 - 26 Avqust 2021

Yunanıstan Superliqasında çıxış edən “Lamiya”nın qapısını qoruyan Boyan Şaranov Sportal.az saytına müsahibə verib. “Qarabağ”ın qapısını qorumuş Şaranov Ağdam klubundakı vaxtlarından danışıb. “Xəzər Lənkəran”ın Avropa Liqasının təsnifat mərhələsində “Makkabi”yə 0:8 uduzduğu görüşdə İsrail klubunun qapısını qoruyan Şaranov həmin oyunu da xatırlayıb:

- Boyan, “Qarabağ”dakı karyeranı heç xatırlayırsan, yoxsa xatırlamamağa çalışırsan?
- Əlbəttə ki, “Qarabağ”dakı 1 ilimi xatırlayıram. Mən “Qarabağ”da cəmi 2 oyun keçirmişdim. Buna baxmayaraq, oradakı çıxışımı daima yaxşı xatırlayıram. Hər zaman xoş xatirələr qalıb. 

- “Qarabağ”da uzun müddət qalmamağın nə ilə bağlı idi?
- Axı mən oynamırdım. Ona görə də “Qarabağ”dan ayrıldım.

- Ara-sıra oynasaydın yəni “Qarabağ”da qalacaqdın…
- Oynamasam belə, məşqlərdə, hər gün maksimumu verirdim. Biz komanda ilə həm ölkə çempionluğunu, həm də kuboku qazandıq. Hər şeyi gözəl xatırlayıram. Amma oynamırdım. Çünki məşqçi İbrahim Şehiçə güvənirdi. Buna rəğmən, mən baş məşqçinin seçiminə hörmətlə yanaşırdım.

- Yeri gəlmişkən, bu gün sabiq komandan “Makkabi”, yaxşı tanıdığı “Neftçi” ilə Konfrans Liqasının pley-off matçında üz-üzə gələcək. Səncə, hansı komanda daha şanslıdı?
- “Makkabi”də 4 il oynamışam. Bu klubun böyük tarixi olduğunu bilirəm. Bu gün oyunda 30 mindən çox insan olacaq. Hava çox isti olacaq, bu da “Makkabi” üçün yaxşıdı. İstənilən halda “Makkabi” – “Neftçi” matçının favoriti elə “Makkabi” özüdü.

- “Xəzər Lənkəran” və “Makkabi” klubları arasında keçirilən oyunlarda İsrail klubunun qapısını qoruyurdun. “Qarabağ”a gəlməmişdən əvvəl bu matçlarda iştirak etmişdin. Həmin oyunları necə xatırlayırsan?
- Əlbəttə ki, bu matçı yaxşı xatırlayıram. Evdə 2:0 qalib gəlmişdik, Lənkəranda 8:0. Həqiqətən də həmin komandamız çox səviyyəli idi, keyfiyyət yüksək səviyyədə idi. Ona görə 8:0 hesabı ilə qalib gəlmişdik. Nə zərbə vururduqsa, qol olurdu. Bu mənada hesab real idi, qeyri-real heç nə yox idi.

- “Qarabağ”da çox qalmadan ayrılmışdın. Bəs Azərbaycana qayıtmaq variantın var idi?
- Bəli, “Qarabağ”dan ayrıldıqdan sonra yenidən Azərbaycana qayıda bilərdəm. “Qəbələ”dən təklifim var idi. Sadəcə gəlmək istəmədim.

- Yeri gəlmişkən, bu gün “Qarabağ” da Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə cavab oyununa çıxacaq. Necə düşünürsən, “Qarabağ” ilk oyundakı 1:0 üstünlüyü qoruyub, qrupa düşə biləcək?
- Mən “Qarabağ”a çox inanıram. Çünki onların çox yaxşı təcrübəsi və səviyyəsi var. Amma hər bir komanda qrupda oynamaq istəyir. Xüsusilə də, pley-off mərhələsinə qədər gəlib çıxan komanda. Ancaq “Qarabağ” ilk oyundan pozitiv nəticə ilə ayrılıb. Bu mənada, “Qarabağ”dan cavab oyununda da yaxşı nəticə gözləyirəm.

Xəbər xətti