Xaricdə yaşayan əslən azərbaycanlı futbolçuların milli komandamıza cəlb olunması istiqamətində hər zaman iş getsə də, son vaxtlar bu yöndə daha aktiv fəaliyyət var. Məhz bunun üçün AFFA sabiq futbolçu İlqar Qurbanovu da milli komandaların skautu vəzifəsinə cəlb edib. Artıq yarım ildən çoxdur ki, AFFA-da çalışan İlqar Qurbanovla əlaqə saxlayıb yeni vəzifədə işlərinin necə getməsi ilə maraqlandıq.
Sportal.az saytına danışan İlqar bəy Avropanın bir çox ölkələrində futbolla məşğul olan azərbaycanlıları diqqətdə saxladıqlarını bildirdi:
“Demək olar ki, azərbaycanlı futbolçuların olduğu bütün ölkələri, liqaları diqqətdə saxlayırıq. Rusiya, Ukrayna, Belarusda azərbaycanlılar çoxdu. Bundan başqa Almaniyada, İsveçdə, İspaniyada futbolla məşğul olan azərbaycanlıları yaxından izləyirik. Xaricdə yaşayan bütün həmyerlilərimizə millimizdə oynamaq şansı veririk. Baxırıq, kimin hazırlıq səviyyəsi yetərlidirsə, aşağı yaş qrupu üzrə millilərimizə dəvət edirik. Kim bu gün üçün tam uyğun deyilsə, gələcək üçün diqqətdə saxlayırıq.
Əsas milliyə gəlincə, hal-hazırda Ukraynanın “Aleksandriya” klubunda 2001-ci il təvəllüdlü Emil Mustafayevlə yaxından maraqlanıram. Ondan başqa “Minay”ın əsas heyət oyunçusu 2002-ci il təvvəllüdlü Eldar Quliyev də maraq dairəmizdədi. Əslində, izlədiyimiz oyunçular çoxdur. Sadəcə pandemiya ucbatından elə ölkələr var ki, viza almaq, gedib-gəlmək çətindir indiki durumda.
Ölkə xarici ilə yanaşı özümüzdə də istedadlı futbolçuların axtarışı ilə məşğuluq. Klublarımızın aşağı yaş komandaları ilə də maraqlanırıq, oyunlara da baxırıq, məşqləri də izləyirik. Cahangir Həsənzadə ilə birlikdə bu istiqamətdə ortaya səmərəli iş qoymağa çalışırıq”.
saytlarin hazirlanmasi