Qurban Qurbanov: "Qrupdan çıxmaq üçün çalışacağıq"

12:42 - 27 Avqust 2021

Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində Şotlandiyada "Aberdin"i 3:1 məğlub edərək qrup mərhələsinə yüksələn "Qarabağ" vətənə qayıdıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb.

 

- "Qarabağ" ardıcıl 8-ci dəfə qrup mərhələsinə yüksəlməyi bacardı. İlk təəsssüratlarınız necədir?
- Futbolçularımı təbrik etmək istəyirəm. Ağır yol gəldik. Deməzdim ki, bizə asan oldu. Amma uğurlu oldu. "Aberdin"lə səfərdəki oyun son final idi. Çalışırdıq ki, az səhv edək. Komandam bunu bacardı. Futbolçularım belə uğura layiqdir. Azarkeşlərimiz adına sevinirəm ki, Avropadakı futbol həyəcanı ölkəmizdə də davam edəcək.

 

- 7 ildən sonra komanda avrokuboklara çempion kimi getmədi. Bunun komandaya nə kimi təsiri oldu?
- Hər zaman Allahdan xeyrlisini istəmişəm. Əlbəttə, çempion olmadığımıza çox üzülürdük. Bu dəfə qrupa düşmək heç də bizim üçün asan deyildi. Çempion olmamışdıq, həm də qrupa düşməsəydik, bəlkə də bizə fərqli gözlə baxardılar. Amma klub olaraq, biz çox peşəkarlaşmışıq. İdmanda davamlı qalibiyyət yoxdur. Məğlub da ola bilərik. Sadəcə, hər zaman işimizi doğru-düzgün yerinə yetirməyə çalışmışıq. Nəticə olmayanda da, nəticə çıxarmağa çalışırıq. Hər məğlubiyyətin bir müddət təsiri olur. Amma komanda olaraq özümüzü ələ aldıq. Hər zaman demişəm ki, oynadığımız turnirlərdə ən yaxşısını eləməyə çalışmışıq. Qrupa düşməyi bacardıq. Bir neçə gün istirahətdən sonra gələcək planlar haqqında fikirləşəcəyik.

 

- Həqiqətən də qrup mərhələlərində "Qarabağ" layiqli çıxış edib. Amma hələ də qrupdan çıxmaq komandaya nəsib olmayıb. Sizcə, nəhayət bu il bunu bacarmaq mümkün olacaq?
- Qrupdan çıxmaq üçün çalışacağıq. Ən azından ikinci yeri tutmaq istərdik. Rəqiblərin də burda rolu var. Əvvəlki qruplarda şansımız heç də pis olmadı. Bəzən səhvlərə, bəzən də hakim səhvlərinə görə, daha da irəli getmək qismət olmadı. İnanın ki, Avropada futbol tam dəyişib. Zəif komanda yoxdur. Gördüyümüz kimi, düşünmədiyimiz ölkələrin komandası qrup mərhələsindədir. Qrupa düşmüşüksə, minimum ikinci yeri tutmağı qarşımıza hədəf qoyacağıq. Qismət olsa, inşallah, bu ilə buna son qoyarıq.

 

- Sona yaxın Kevin Medina özünü yaxşı hiss etmədiyi göründü. İndi kolumbiyalı müdafiəçinin vəziyyəti necədir?
- Bir az narahatlıq var. Oyunun gedişində bunu yenə hiss elədi. İnşallah, çox ciddi olmaz.

 

- Toral Bayramov özünü sol cinahda pis göstərmir. Onu bundan sonra da davamlı olaraq həmin mövqedə görə bilərik?
- Ansi Aqollidən sonra Donald Geryeni o cinahda sınadıq. Mən o cinaha daha oyunçu axtarmadım. Çünki o cinahda həm Toral, həm də Elvin Cəfərquliyekv var. İstədim ki, onlar oyansın və daha tez inkişaf eləsin. Nə qədər əsas heyətdə oynasalar, inkişafları tezləşər. Hər ikisinə də güvənirəm. Gələcəkdə hər hansı hadisə baş verməsə, onlarla davam etmək istəyirəm. Əlbəttə ki, mənim onlardan tələbim çoxdur. Hər nə qədər yaxşı oynasalar da, xüsusilə gənclərdən daha çoxunu tələb etmişəm. Bugünkü oyunları məni qane edir.

 

- Dünən meydanda 7 yerli futbolçu var idi. Gələckdə də yerli futbolçulardan daha çox istifadə etməyi düşünürsüz?
- Avrokubok oyunlarında 5-6 yerli futbolçudan az istifadə etməyimiz yadıma gəlmir. Minimum 5 yerli meydanda olub. Sayın 7-8 olduğu vaxtlar da olub. Özlərindən asılıdır. Legioner götürmək şərt deyil ki, mütləq əsas heyətdə oynamalıdır. Əgər yerli futbolçular onlarla başabaş mübarizə aparırlarsa, komandada 10 legioner də olsa, mən yerliyə şans verəcəm. Dəfələrlə demişəm ki, legioner yerlidən üstün olmalıdır. Belə olmasa, yerlilərə üstünlük verəcəm.(Sportinfo.az)

Xəbər xətti