Bizim Qurban - YAZI

13:21 - 27 Avqust 2021

“Qarabağ”ın “Aberdin”lə Konfrans Liqasının dünənki təkrar pley-off oyununda diqqətimi bir məqam xüsusi çəkdi.

Qurban Qurbanovun əsas heyətə daxil etdiyi 11 futbolçudan düz 7-si yerli idi. Müqayisə üçün onu qeyd edim ki, “Neftçi” isə “Makkabi” ilə görüşə 7 əcnəbi ilə çıxmışdı və “Qarabağ”dan fərqli olaraq, həmin bu 7 müqəvvaya, onları bura gətirən futbol maketlərinin bacarıqsızlığına görə böyük bir tarixi olan komandamız avrokubokla biabırçı məğlubiyyətlə vidalaşdı. Ona görə də indi, elə bu məqamda “Neftçi”nin prezidentinə, onun ağalarına və bu ağaların tulalarına deyiləcək yalnız bir söz qalıb: Ayıb olsun!

Xislətində paxıllıq, həsəd olanlar komanda qura bilməzlər.

İllərdir avrokuboklardakı davamlı rüsvayçı nəticələri düzəltmək, bundan xəcalət çəkmək əvəzinə, klubun idarəçiləri və rəsmiləri, o cümlədən kamrançiklə rüstəmçik görün nəylə öyünərək “Neftçi”nin mərd, vətənpərvər, böyük ürəyə sahib olan azarkeşlərini aldadıblar: klubun televiziyası, sosial şəbəkə hesabları ilə. Elə bil, “Neftçi” futbol klubu yox, hansısa bir media şirkəti olub. Bu yerdə gedin Qurbanın əlinə su tökün deyərdim, amma heç ona da yaramırlar.

***

“Qarabağ”da Toral Bayramov adında bir futbolçu var. Talış balası. Onu bir neçə il əvvəl Rəşad Sadıqov, gərək ki, Lənkəranda kəşf edərək “Qarabağ”ın aşağı yaş qrupuna gətirib. Eyni zamanda İsmayıl İbrahimli (hazırda 21 yaş), Musa Qurbanlı (19), Elvin Cəfərquliyev (21 yaş), Ayxan Araslını da. Rəşada “sağ ol” deyək. Və bu illər ərzində bu uşaqlar Qurban Qurbanovun şəxsi nəzarətində olub, onların hazırlığı üçün xüsusi məşqçi ayrılıb.

Nəzarətindən kənara buraxmayıb, həm məşqçiləri olub, həm də atalıq qayğısı göstərib, onlar üçün işıqlı bir gələcəyin olduğu cığır açıb. Azərbaycan futbolunun bu gəncləri indi həmin cığırla ləyəqətlə, kişi oğlu kişi kimi gedirlər. Toral Bayramov 20 yaşında “Qarabağ” kimi Avropa TOP-100-lüyündə olan komandanın liderlərindən birinə çevrilib. Yarımmüdafiəçi olsa da, məcbur müdafiədə oynayır və.... gəlib Avropa kubokunda əsl hücumçu kimi qol vurur! Musa Qurbanlının da ayağı açılıb. Onlar futbolumuzun gələcək sərvətləridir. İnanaq ki, zədələr və ulduz xəstəliyinə tutulma kimi problemlə üzləşməzlər. Və inanaq ki...

...Bir gün Mahir Emreli kimi çıxış etdiyi xarici klubun qəhrəmanına çevrilə bilərlər.

Mahir Emreli... Bir zamanların ərköyün, ipə-sapa yatmayan, az qala, hər gün azarkeşlərlə İnstaqramda davaya çıxan tipik azərbaycanlı futbolçusu. 2019-cu ildi. Deyirəm, Mahir xasiyyətini dəyiş, sənə zərəri olar. İstiqanlı şəkildə cavab verir ki, müəllim, vallah dəyişirəm, Hocaya (Qurban Qurbanova) da söz vermişəm, köhnə səhvləri təkrarlamayacağam. Zaman keçir, görürəm ki, həqiqətən sözünü tutur. Bir futbolçu, şəxsiyyət kimi formalaşmağa başlayır. Xarakter göstərir. Nədir bunun səbəbi deyə düşünürəm. Ağlıma Qurban Qurbanov gəlir. Adamdüzəldən! Naşı futbol azarkeşlərinin ağlı ilə hərəkət edib, Mahirin arxasından qaçsaydı, bütün təzyiqlərə sinə gəlib onu start heyətində oynatmasaydı, bu gün Mahir “Legiya”da yox, heç “Qarabağ”da da yox, ən yaxşı halda “Keşlə”də oynayırdı.

İndiki Abbas Hüseynovun əzmkarlığına, xarakterinə baxın. Qurban Qurbanova futbol dərsi keçməyən “akademiklər” qalmamışdı. Amma səbrlə, təmkinlə öz zamanını gözlədi, təzyiqlərə, haqqındakı böhtanlara sözlə deyil, əməli, daha doğrusu, ƏSƏRİ ilə cavab verdi...  O əsərin adı “Qarabağ”dır!

Toral Bayramovdur. Musa Qurbanlıdır. Mahir Emrelidir. Abbas Hüseynovdur. Və...

​...Qurban Qurbanovun özüdür!

Aydın BAĞIROV, Qol.az
 

Xəbər xətti