Almaniyada oynayan həmyerlimiz: "Karyeramda yüksəliş olsa, Azərbaycan millisi də mümkünə çevriləcək"

15:00 - 27 Avqust 2021

Ölkə xaricində oynayan futbolçularımızdan biri də Tapdıq Əliyevdi. Azərbaycan futbolunun yetirməsi, AZAL, “Sumqayıt”, “Simurq” klublarında oynamış müdafiəçi hazırda Almaniyada aşağı liqada çıxış edir.

Sportal.az saytına açıqlama verən, 1994-cü il təvəllüdlü, Almaniyada "SG MMR" klubunda oynayır. Futbolçu bu ölkəyə necə getdiyindən söz açıb: "O vaxtı “Turan Tovuz”da oynayırdım, sonradan “Rəvan”a keçmişdim. Həmin vaxtı AFFA komandanı çempionatın ortasında ləğv etdikdən sonra klubsuz qaldım. O ərəfələrdə İsveçdə çalışan azərbaycanlı məşqçi Bakıya gəlmişdi. Necə oldusa, məni onunla tanış etdilər, danışdıq, razılaşdıq və o, məni İsveçin 3-cü liqasında oynayan “Lüksele” klubuna apardı. Orada çempionluq yaşadıq. Mövsüm bitəndən sonra isə yeni komanda axtarmağa başladım. Sənəd işlərim çox çətin oldu, yeni komanda ilə müqavilə imzalamamışam, məşqdə zədələndim. Bu səbəbdən bir müddət futboldan uzaq düşdüm.

Sonradan Almaniyada yaşayan dostum məni bura dəvət etdi və 3 ildir ki, buradayam. Karyeramda olan pauza öz sözünü deyib. İndi Kreysoberligada çıxış edən "SG MMR" komandasında çıxış edirəm. Eyni şəhərin üç komandasıdı birləşib, maddi və hər mənada daha güclü komanda yaradıblar. Komandanın tam adı SG  Mecklar/Meckbach/Reilosdu.

Sayca 6-cı liqada oynayıram. Bu komandada olmağımın səbəbi baş məşqçimizin ukraynalı olmasıdı. Mənə çox kömək etdi, mən də komanda üçün əlimdən gələni edirəm. Halbuki mənə Regional Liqadan təkliflər var idi. Amma qərara aldım ki, baş məşqçiyə görə qışa kimi komandada qalım".

Əliyev, yaşının az olmamasına rəğmən məqsədinə çatacağına inandığını dilə gətirib. O, qışda daha yuxarı liqa klublarından birinə keçərək Azərbaycan millisində oynamaq xəyalını həyata keçirmək istədiyini söyləyib: "Burada futbola böyük maraq var. Qışda daha güclü liqaya keçəcəm. Dediyim kimi yayda da var idi, sadəcə baş məşqçiyə görə komandanı atmadım, qışa qədər ona kömək edəcəm. Lakin qışda daha yüksək liqa klublarından birinə keçəcəm. Pandemiya səbəbindən azarkeş sayına limit olsa da, oyunlarımıza 700-1000 azarkeş gəlir. Artıq alman dilində də yaxşı danışıram. Bütün komanda yoldaşlarım mənimlə yaxşı münasibətdədi və ən əsası bizə daima dəstək olan yaşlı azarkeş qrupu var, onların sevimlisiyəm.

Gələcək üçün ümidliyəm. Özümü Almaniyada ən yaxşı tərəfdən göstərib, uşaqlıqdan arzum olan milli komandamızın formasını bir gün geyinmək arzusu ilə hər məşqə və oyuna istəkli çıxıram. Bu mümkündü. Bu sezon 4 tur oynamışıq və 1 qol vurmuşam. Son turda 5:1 udmuşduq rəqibi. Hazırda 4-cü pillədəyik. Hələ ki, bu komandadayam. Amma qışda daha yüksək liqadan gələcək təklifləri dəyərləndirəcəm. Azərbaycan millisi mümkündü. Klub karyeramda yüksəliş olsa, Azərbaycan millisi də mümkünə çevriləcək".

Xəbər xətti