Son vaxtlar xaricdə yaşayan azərbaycanlı futbolçuların milli komandalarımıza cəlb olunması istiqamətində ciddi işlər aparılır. Əsas milli komandamızın maraq dairəsində olan futbolçulardan biri də “Ufa”nın 27 yaşlı oyunçusu Azər Əliyevdir.
Məsələ ilə bağlı Sportal.az saytına danışan millinin skautu İlqar Qurbanov bu prosesdə müəyyən əngəllərin mövcud olduğunu dedi:
“Azər Əliyevlə millimizdə çıxış etməsi ilə bağlı söhbətlərimiz olub. Azər özü də Azərbaycan millisində oynamaq arzusunda olduğunu deyib. Lakin bu, elə də asan məsələ deyil. Çünki Azər millimizdə oynasa, Rusiyada legioner sayılacaq. Bu isə onun Premyer Liqada oynamaq şanslarını xeyli azaldacaq. Oyun praktikasının olmayacağı təqdirdə isə onun millimizə cəlb olunmasının zərurəti azalacaq.
Ümumiyyətlə bu, tək Azər deyil, Rusiyada futbolla məşğul olan əksər həmyerlilərimizlə bağlı ciddi problemdir. Rusiyada azərbaycanlı futbolçuların sayı çoxdur. Lakin vurğuladığımız məqama görə, onları millilərimizə cəlb etmək müşkül məsələyə çevrilib. Hal-hazırda Rusiyada legionerlərə olan limitin ləğv olunması barədə müzakirələr gedir. Əgər belə qərar qəbul olunsa, həm Azər, həm də milli komandaya uyğun gələn digər həmyerlilərimizi rahat şəkildə yığmaya dəvət edə biləcəyik”.
saytlarin hazirlanmasi