Futbol mütəxəssisi Yunis Hüseynov Sportal.az saytına müsahibə verib.
- "Neftçi"nin səfərdə "Makkabiyə 0:4 hesabı ilə məğlub olmağını necə dəyərləndirirsiz?
- Püşkdən sonra "Neftçi"nin şansının az olduğunu demişdim. Təmsilçimiz İsrail səfərində çox zəif çıxış elədi. "Makkabi" bu oyuna final kimi baxırdı. Həddən artıq istəkli idilər. Amma "Neftçi"də o istəyir görə bilmədim.
- Bu nəticəni gözləyirdiz?
- Bakıda "Makkabi" ilk hissədə yaxşı oynamışdı. İkinci hissədə İsrail təmsilçisi arxayınlaşdı. "Neftçi" bundan istifadə edib 3 qol vurmuşdu. "Neftçi"nin məğlubiyyətini gözləyirdim, amma belə zəif oyunla, 0:4 hesabı mənim üçün gözlənilməz oldu.
- "Neftçi"nin bu mövsüm avrokuboklarda çıxışını necə qiymətləndirmək olar?
- Uğursuz hesab etmək olar. UEFA sağ olsun ki, belə şans yaratmışdı. Konfrans Liqasının qrup mərhələsinə yüksəlmək olardı, amma "Neftçi" bu şansları dəyərləndirmədi. UEFA-nın yaratdığı bu əlverişli imkandan istifadə edə bilmədilər. Oyundan sonra komandanın daxilində nələrin olduğunu bilmirəm. Amma görünən odu ki, "Neftçi"də hamı bir-birini ittiham edir. Məşqçi deyir oyunçu transfer edilməyib, rəhbərlik deyir, transfer etmişik. Komandanın içində deyilik deyə orada nələrin baş verdiyini dəqiq deyə bilmərik. Çempionlar Liqasında oynayan komandada bəhanələr olmamalıdı.
- "Neftçi"nin bu mövsüm etdiyi transferləri necə dəyərləndirirsiz?
- Hər baş məşqçinin futbola bir cür baxışı var. Mənim futbolçu seçimin fərqlidi, digər məşqçinin seçimi fərqlidi. Səhv etmirəmsə, 8 transfer ediblər. Bu da az deyil. Transfer məsələsi baş məşqçidən asılıdı. Gələn futbolçular "Neftçi"hə o qədər də faydalı olmadı. Faydalı olsaydı, komanda qrup mərhələsinə düşə bilərdi.
- Əgər yaxşı transferlər olsaydı, "Neftçi" "Olimpiakos"u keçə bilərdi?
- Çətin olardı. "Olimpiakos"la səfər oyunundan sonra hamı deyirdi ki, "Neftçi" çox yaxşı oynadı. Söhbət yaxşı oynamaqdan getmir, vacib olan nəticədi. Yaxşı legionerlər olsaydı, bəlkə də keçmək olardı. Amma bu, ehtimaldı, dəqiq demək olmaz. Yaxşı futbolçu transfer etmək üçün vaxt var idi, həmin vaxtda oyunçu seçmək mümkün idi. Azərbaycanda çox komandanın transfer üçün yaxşı büdcəsi yoxdu. Amma "Neftçi"nin büdcəsi maşallah elədi ki, istəsəydilər, səviyyəli futbolçular gətirə bilərdilər. Daxildə nələrin getdiyini bilmirik. Danışıqlardan belə başa düşürəm ki, nəsə anlaşılmazlıq olub.
- Klublarımızın avrokuboklarda əldə etdiyi nəticələr ölkəmizin UEFA reytinqinə təsir edir. Sizcə "Neftçi" "Qarabağ"ın illərdi yığdığı reytinqi xərcləmədi ki?
- Tək "Neftçi" yox, digər klublarımız da reytinq xallarını xərcləyirlər. Gələcəyə ümidlə baxaq. Ümumiyyətlə Azərbaycana reytinq xallarını "Qarabağ" qazandırıb. Ağdam təmsilçisinin qalib gələcəyini bilirdim, meydanda əzmkarlıq göstərdilər və layiqli qələbə qazandılar. Müsahibəmdə də demişdim ki, stadionun ot örtüyünə görə, "Qarabağ"a Bakıdakı oyun çətin olacaq. Səfərdə isə meydança yaxşı olduğuna görə, Qurban Qurbanovun komandası özü oyununu göstərə bildi.
saytlarin hazirlanmasi