Şahin Diniyev: "0:4 hesablı məğlubiyyəti "Neftçi"yə yaraşdırmadım"

13:22 - 28 Avqust 2021

Azərbaycan milli komandasının sabiq baş məşqçisi və AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Sportal.az saytına açıqlama verib.

 

Təcrübəli mütəxəssis "Neftçi" və "Qarabağ"ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki oyunlarını dəyərləndirib:

 

"Neftçi"nin böyük hesabla məğlub olacağını gözləmirdim. Amma "Makkabi"nin mərhələni keçəcəyi Bakıdakı oyundan sonra görünürdü. Onların oyunu səviyyə fərqini göstərdi. "Neftçi"nin vəziyyətdən çıxmaq üçün bəzi şansları var idi, bundan istifadə edə bilmədilər. "Neftçi" səviyyəli komandadı. 0:4 hesablı məğlubiyyəti "flaqman"a yaraşdırmadım. Ancaq bu futboldu. Komanda bacardığı qədər mübarizə apardı. "Neftçi"nin mərhələ keçə bilməməyi bizi üzdü. 


Futbol ona görə gözəldi ki, inanılmaz şeylər baş verir. "Makkabi" hesabda 1:0 öndə olarkən Aqil Məmmədovun iki gözəl qurtarışı oldu, həmin vaxt hesab 0:3 də ola bilərdi. Futbol nəticəyə söykənmiş bir oyundu. Bəlkə də "Neftçi" Bakıda müdafiədə etibarlı oynayıb 3:1 hesabını qoruya bilsəydi, hər şey fərqli ola bilərdi. Amma avrokubok oyunlarında "ağ-qaralar"ın müdafiəsində çoxlu boşluqlar gördük. Hər şeyə rəğmən "Neftçi" yoluna davam etməlidi. "Flaqman" pis komanda deyil, yaxşı futbol oynayırlar. Sadəcə nəticələri düzəltmək lazımdı. 


"Neftçi"nin nəticəsinin fiasko olduğunu deməzdim. Təmsilçimiz rəqiblərindən 2-3 qat üstün deyildi. "Neftçi"nin bəxtinə də güclü komandalar düşmüşdü. Həm "Olimpiakos", həm də "Makkabi" səviyyəli komandalardı. 


"Qarabağ"ın Avropa təcrübəsi var. Bakıdakı oyundan əvvəl "Aberdin" stadionu bəhanə edəndə bunu sakit qarsılamışdım. "Qarabağ" layiqli qələbə qazandı. Oyuna baxanda amma 3:1-lik oyuna oxşamırdı. "Qarabağ" ilk dəqiqələrdən təzyiqə dözdü. Komanda sakit oynadı, futbolçular panikaya düşmədi. Ağdam təmsilçisi müdafiədə etibarlı oynayıb, öz şansını gözlədi. Zubir başda olmaqla "Qarabağ"ın oyunu möhtəşəm oldu. Hamı hesaba baxıb oyunun asan keçdiyini düşünə bilər, amma asan keçmədi. "Qarabağ" çox əziyyət çəkdi, taktiki cəhətdən ağıllı oynadı. Komandanın 8 illik Avropa təcrübəsi var, bundan istifadə etdilər. "Neftçi" uzun illər sonra ilk dəfə Çempionlar Liqasında iştirak edib təzyiq altına düşdü. "Qarabağ" isə bu təzyiqlərdən çıxmağı, dözməyi, etibarlı oynamağı öyrənib".

Xəbər xətti